Dostuma, törətdiyi cinayətə görə, məhkəmə hökmü ilə 4000 manat cərimə cəzası müəyyən edilmişdir


Baxıldı : 292

Tarix : 2019-07-19 15:59:18


Dostuma, törətdiyi cinayətə görə, məhkəmə hökmü ilə 4000 manat cərimə cəzası müəyyən edilmişdir. Bildirilib ki, bunu 1 ay müddətinə ödəmək lazımdır. Lakin dostum heç bir yerdə işləmir. Cəriməni 1 ay müddətinə, həm də 4000 manatı birdəfəyə ödəməyə imkanı yoxdur. Qanunlarımız bu məsələni necə tənzimləyir?

Əkrəm BAĞIROV,

Quba rayonu.

 

- Cinayət Məcəlləsinin 42.0.1. maddəsi ilə cərimə cəzanın növlərindən biridir. Cəza isə məhkəmənin hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 44.1. maddəsində deyilir ki, cərimə CM ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.

Cərimə növündə cəza məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəza növüdür. Belə cəzaların icrası Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Sualınızla əlaqədar bildiririk ki, həmin Məcəllənin 23-cü maddəsinə əsasən, dostunuz cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Əgər cərimə həmin müddət ərzində ödənilməzsə, onda icra məmuru ilk növbədə həmin məbləğin məcburi ödəniləcəyi barədə məhkumu xəbərdar edir. Cərimənin məcburi qaydada tutulması da qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, icra məmurunun xəbərdarlığı ilə də cəriməni ödəmədikdə, onda cərimə növündə cəzanın icrası qanunvericiliklə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi olaraq, yəni məhkumun xüsusi mülkiyyətində olan əmlakına və ya ümumi mülkiyyətində olan payına yönəldilməklə həyata keçirilir (CİM, maddə 24). Qeyd olunan əmlak yoxdursa, yaxud əmlak cərimənin ödənilməsi üçün kifayət etmirsə, onda cərimənin tutulması məhkumun əməkhaqqına yönəldilir.

Sualınızdan məlum olur ki, dostunuza bu cəza növü əsas cəza kimi təyin edilmişdir. Adıçəkilən Məcəllənin 26-cı maddəsinə əsasən, məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edə bilər.

Bütün bu hallar baş verməsin deyə, cəriməni üzrlü səbəbdən 1 ay müddətində ödəyə bilmədikdə, CPM-ə uyğun olaraq, məhkəməyə ərizə ilə müraciət edilə bilər. Məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.

 

Hələ 18 yaşım tamam deyil. 4 aydır ki, əmək müqaviləsi ilə işləyirəm. İş yerində deyirlər ki, məzuniyyətimi 6 ayım tamam olmamış da götürə bilərəm. Bu, doğrudurmu?

 

Minayə BAĞIROVA,

Gəncə şəhəri.

 

- Konstitusiyamız əmək müqaviləsi ilə işləyən işçilərə ildə azı bir dəfə, 21 təqvim günündən az olmayan, ödənişli məzuniyyət verilməsini təmin etmişdir. Birinci iş ili üçün əmək məzuniyyətindən işçi işəgötürənin razılığı ilə azı 6 ay işlədikdən sonra istifadə edə bilər (ƏM, maddə 131). Sonrakı illər üçün istehsalın və işin normal gedişini tənzimləmək məqsədilə, həmkarlar ittifaqı təşkilatının da rəyi öyrənilməklə, işəgötürən tərəfindən işçilərə əmək məzuniyyətinin verilməsi üçün növbə cədvəlləri tərtib olunur və məzuniyyətlər bu növbəlilik əsasında verilir. Lakin qanunvericilikdə, əmək hüququnun başqa sahələrində olduğu kimi, əmək məzuniyyətinin verilməsində də yaşı 18-dən az olan şəxslər üçün təminatlar nəzərdə tutulmuşdur. Belə ki, əmək müqaviləsi bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən yaşı 18-dən az olan işçilərin istənilən vaxt istifadə etmək hüququ var (ƏM, maddə 131). Sonrakı illərdə isə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli vaxtda verilə bilər. Yaşı 18-dən az olan işçilərə bu imtiyazlar Əmək Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuşdur.

Qanunvericilik əmək məzuniyyətlərinin müddətlərini də müəyyən edərkən yaşı 18-dən az olan işçilərə fizioloji keyfiyyətləri ilə bağlı daha uzunmüddətli ödənişli əmək məzuniyyəti verilməsini müəyyən etmişdir. ƏM-in 119-cu maddəsinin 1-ci hissəsi ilə əmək məzuniyyəti yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.

 

Hüquqi şəxs hansı hallarda ləğv edilə bilər? Ləğvetmə üçün müddət müəyyən edilibdirmi?

 

Əlizaman MƏMMƏDOV,

Bakı şəhəri.

 

 

- Sizin sualınızla bağlı müddəalar Mülki Məcəllənin “Hüquqi şəxsin ləğvi” adlanan 59-cu maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Məcəllənin 59.2. maddəsinə görə, hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:

- onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

- hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

- lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.

Məcəllənin 59.4. maddəsi ilə hüquqi şəxsin müflisolma nəticəsində də ləğv edilməsi nəzərdə tutulmuşdur. Hüquqi şəxs yalnız o zaman müflisolma nəticəsində ləğv edilə bilər ki, onun əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli olmasın.

Onu da qeyd etmək lazımdır ki, kreditorların tələblərini ödəməyə qadir olmayan hüquqi şəxs yalnız məhkəmənin qərarı ilə müflis sayıla bilər.

2-ci sualınızla bağlı qeyd etmək lazımdır ki, ləğvetmə üçün ümumi müddət Məcəllənin 59.6. maddəsi ilə müəyyən edilmişdir. Belə ki, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.