Dövlət mükafatları təqdim edildi


Baxıldı : 342

Tarix : 2018-02-17 00:49:25


Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup həmkarlar ittifaqı fəalına fəxri ad, orden  və medalların təqdimetmə mərasimi keçirildi. Mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etdi.

Dedi ki, son illər respublikamızın iqtisadi və sosial həyatının bir çox sahələrində olduğu kimi, Azərbaycan həmkarlar ittifaqlarının həyatında da uğurlu dövr kimi yadda qalmışdır. 2018-ci ili isə AHİK-in 25 illik yubileyi və V qurultayı ilə qarşılamışıq.

Ölkəmizdə  həmkarlar ittifaqı hərəkatı daim diqqət mərkəzində olmuş, dövlətimiz bu təşkilatın möhkəmlənməsinə öz fəaliyyətində mühüm yer ayırmışdır.

Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı, ölkə Prezidenti İlham Əliyev cənablarından görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin vaxtaşırı olaraq artırılması məsələləri daim cənab Prezidentin diqqət mərkəzində saxlanılır. “Həmkarlar ittifaqları haqqında” qanuna, əmək və inzibati xətalar məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun  maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.

Cənab İ.Əliyevin dövlətçiliyin möhkəmləndirilməsində, işçilərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqı hərəkatının rolunu yüksək qiymətləndirir. Bununla o, ölkəmizin ən kütləvi ictimai təşkilatına - həmkarlar ittifaqlarına böyük etimad yaratmış olur.

Elə möhtərəm Prezidentimizin V qurultaya göndərdiyi təbrik məktubunda da deyildiyi kimi “...Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqı olmadan təsəvvür etmək qeyri-mümkündür... Hazırda ölkəmizdə sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən həmkarlar ittifaqı təşkilatlarına öz işlərini zamanın tələbləri səviyyəsində qurması və funksional imkanlarının genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır”.

AHİK-in V qurultayına dəvət olunan beynəlxalq və xarici ölkə həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri ilə keçirdiyi görüşdə möhtərəm İ.Əliyev cənabları bir daha həmkarlar ittifaqının qüvvəsinə inandığını, ona dərin etimad göstərdiyini vurğulamışdır. Bu fakt öz-özlüyündə çox qürurvericidir və fəaliyyət göstərdiyimiz illər ərzində vətəndaşların sosial rifahının təmin olunmasına verdiyimiz sanballı töhfələrin respublika rəhbərliyi tərəfindən qiymətləndirilməsi bizi olduqca sevindirir.

Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları əsl tərəfdaşa çevrilmişlər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da fəaliyyətinin təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin, bütün dövlət proqramlarının təməlində də Azərbaycan vətəndaşı durur.

Vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində öz missiyasını daha əzmkarlıqla həyata keçirən həmkarlar ittifaqı fəallarının böyük bir qrupu respublikamızın ali mükafatları - orden, medal və fəxri adlarla təltif edilmişdir.

Möhtərəm Prezidentimiz tərəfindən təşkilatımızın yaradılmasının 100 və 110 illiyi, AHİK-in qurultayları ərəfəsində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi, Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70  illiyi, kurort sahəsinin 60 illiyi münasibətilə və Azərbaycanın idman sahəsindəki xidmətlərini nəzərə alaraq, Azərbaycan həmkarlar ittifaqlarının 344 nəfər əməkdaşı, o cümlədən 254 nəfəri “Tərəqqi” medalına, 8 nəfəri “Vətənə xidmətə görə” medalına, 2 nəfəri “Şöhrət” ordeninə, 76 nəfəri Azərbaycan Respublikasının fəxri adına, 4 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür.

Bu bizə və bizim əməyimizə göstərilən böyük diqqət və qayğının təzahürüdür.

Hörmətli həmkarlar!

Sevindirici haldır ki, bu yaxınlarda keçirdiyimiz V qurultayımız ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 02 fevral 2018-ci il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının sosial-ictimai və humanitar-mədəni həyatında göstərdiyi xidmətlərə görə Azərbaycan həmkarlar ittifaqlarının 4 nəfər əməkdaşı “Əməkdar həkim”, 3 nəfər əməkdaşı “Əməkdar müəllim”, 1 nəfər əməkdaşı “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, 4 nəfər əməkdaşı isə “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi”, Azərbaycan həmkarlar ittifaqı hərəkatının inkişafındakı xidmətlərinə görə 4 nəfər əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 98 nəfər əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Təltif olunanları təbrik edir, respublika həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıya görə  hörmətli Prezidentimizə təşəkkür edirəm, respublikamızın çiçəklənməsi naminə apardığı işlərdə ona uğurlar diləyirəm.

Sizə məlumdur ki, aprelin 11-də respublikamızda növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Azərbaycan həmkarlar ittifaqları ənənəsinə sadiq qalaraq özünün V qurultayında möhtərəm Prezidentimiz İ.Əliyevin ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsi və dəstəklənməsi barədə qərar qəbul etmişdir.

Mən əminəm ki, Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı ordusu AHİK-in V qurultayının bu qərarını dəstəkləyəcək, onun yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək və qarşıda qoyulan məqsədə doğru inamla gedəcəkdir.

Sonra Səttar müəllim təltif olunanlara mükafatları təqdim etdi.

Tədbirdə mükafatçıların bir neçəsi çıxış edərək Respublika Prezidentinə minnətdarlıqlarını bildirdi.

Bəyalı RZAYEV