Dövlət qulluğunda işləmişəm


Baxıldı : 32

Tarix : 2018-08-03 20:11:40


Dövlət qulluğunda işləmişəm. 65 yaşım tamam olandan sonra məni  “Dövlət qulluğu haqqında” qanunun 33.1.12. maddəsinə əsasən işdən çıxardıblar, amma konpensasiya ödəməyiblər. Halbuki  mənimlə bir şöbədə işləmiş şəxs 65 yaşı olanda özü ərizə verb işdən çıxdı. Ona pesiyanın 6 misli qədər pul verdilər.

 

Kərim ƏSGƏROV,

Bakı şəhəri.

 

-”Dövlət qulluğu haqqında” qanunun 32-1.1. maddəsi ilə  dövlət qulluqçusunun dövlət qulluğunda olmasının həddi 65 yaş müəyyənləşdirilibdir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

Qanunun 32-1.2-ci maddəsi tətbiq edilər

kən aşağıdakılar nəzərə alınır:

- dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;

- elmi dərəcənin və ya elmi adın olması;

- dövlət təltifi ilə təltif edilmə;

- attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.

Dövlət qulluğuna xitam verilməsinin əsasları adıçəkilən  Qanunun 33-cü maddəsində öz əksini tapmışdır. Bu əsaslardan biri də 33.1.12. qeyd edilən dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinə çatmasıdır.

Qanunun 33.2. maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Əgər dövlət qulluqçusu 65 yaşına çatdıqda dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluğunda olma müddəti onun razılığı əsasında uzadılmırsa və dövlət qulluqçusu könüllü olaraq özü dövlət qulluğundan çıxmaq barədə ərizə ilə müraciət etmirsə, bu halda  Qanunun 33.1.12. maddəsi ilə (dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda) dövlət qulluğuna xitam verilir və ona pensiyanın 6 misli məbləğində birdəfəlik haqq ödənilmir.

 

Sığorta ödənişlərindən nə qədər r

üsum tutulur?

 

Afaq HƏBİBZADƏ,  Daşkəsən rayonu.

 

-“Sığorta haqqında” qanunun 31-ci maddəsində sığorta ödənişinin verilməsi qaydaları və rüsumun tutulması haqqında müddəalar əks olunub.

Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.

Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir.

Müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər.

Sığorta ödənişlərindən rüsumlar tutulmur.

 

Hansı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılır?

 

Məmməd CƏFƏROV,  Bakı şəhəri.

 

-Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən “Patent haqqında” qanunun müddəalarının pozulması ilə istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa şəkildə daxil edilməsi və ya bu məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun pozulması sayılır.

Mülki mühakimə icraatının məqsədləri üçün patent sahibinin adıçəkilən qanunla müəyyən edilmiş müstəsna hüquqlarının pozulması zamanı patentin predmeti məhsulun alınma üsulu olarsa, məhkəmə məhsulun alınması üçün istifadə edilən üsulun patentləşdirilmiş üsuldan fərqlənməsinə dair dəlillərin təqdim edilməsini cavabdehdən tələb edə bilər. Təkzibedici dəlillər təqdim olunanadək patent sahibinin razılığı olmadan alınan istənilən məhsul patentləşmiş üsulla alınmış hesab edilir, əgər:

a) patentləşmiş üsulla alınan məhsul yeni olarsa;

b) bu məhsulun patentləşmiş üsulla alınması ehtimalı yüksəkdir və patent sahibi ağlabatan tədbir görməklə onun alınmasında hansı üsulun tətbiq edildiyini müəyyən edə bilmirsə.

 

18 yaşa yeni qədəm qoymuşam. 4 aydır ki, işləyirəm. Valideynlərim müəllimdirlər. Məzuniyyətə çıxıb dincəlməyə getmək istəyirlər. Məni isə tək qoymaq istəmirlər. İstəyirlər mən də məzuniyyət götürüm. Amma iş yerində -kadrlar şöbəsində məzuniyyət vermirlər,” olmaz, sən az müddətdir işləyirsən”,-deyirlər. Bu, düzgündürmü? 

-Əmək Məcəlləsinin 131-ci maddəsi ilə işçiyə  əmək məzuniyyətinin verilməsi qaydası müəyyənləşdirilib. Həmin maddəyə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

Amma burada bəzi istisnalar var. Belə ki, həmin maddənin 4-cü hissəsində əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən  istifadə etmək hüququ olan işçilərin siyahısı qeyd edilib. 18 yaşına çatmamış işçilər də bu siyahıya salınmışdır. Ona görə də Sizə əmək müqavilənizin bağlanması vaxtı nəzərə alınmadan 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.Valideynlərinizlə birlikdə istirahət etmək üçün kadrlar şöbəsinə məzuniyyətə çıxmaq barədə ərizə  verdikdə Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü hissəsini xatırlatmaq kifayətdir. Buna görə də kadrlar şöbəsindən sizə verilən cavab düzgün deyil.

Rəna BABAYEVA, Şəki şəhəri.