Dövrün tələblərinə uyğun mütəxəssis yetişdirmək lazımdır


Baxıldı : 394

Tarix : 2018-03-31 00:07:41


Hər il ali, orta, texniki məktəbləri on minlərlə gənc bitirir. Onların heç də hamısı ixtisası üzrə iş tapa bilmir. Bunun səbəbləri çoxdur. Əsas səbəblərdən biri isə gənclərin seçdikləri ixtisasa ölkəmizdə nə qədər tələbat olduğunu nəzərə almamalarıdır. İxtisas seçimində uğursuzluq təkcə gənclərin günahıdırmı?

Təhsil üzrə ekspert Nadir İsrafilov qəzetimizə verdiyi açıqlamasında dedi ki, gənclərin bu sahədə seçimi müasir dövrün tələbi ilə ayaqlaşmalıdır: “Qloballaşma, elmi-texniki və kompüter əsrindəyik. Demək olar ki, hər şey elektronlaşır, müasir dövrün tələblərinə uyğunlaşır. Bizdə elə ixtisaslar var ki, bakalavr və magistr səviyyəsində tələbə hazırlayır, ancaq əmək bazarında bu sahələr üzrə tələbat ya çox zəifdi, ya da tamamilə yoxdur. Dövrümüzdə inkişafla, tərəqqi ilə  əlaqədar olaraq peşələrin də istiqaməti dəyişir. Ona görə də bəzi ixtisaslar aktuallığını artırır, bəziləri isə itirir. Mən hesab edirəm ki, bu, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin diqqət mərkəzində olmalı və peşələrə ayrılan yerlər düzgün planlaşdırılmalıdır. Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tələb-təklif məsələsi düzgün qurulmalıdır. Ali təhsil ocaqları hər il 2 dəfədən artıq müəllim ixtisası üzrə kadr hazırlayır. Bu isə ölkə üçün çox böyük kadr deməkdir. Lakin gəlin baxaq, ölkədə müəllimlik sahəsində bu qədər kadra ehtiyac varmı?

Belə fikirlər səsləndirilir ki, elektrik mühəndisliyi, gəmiqayırma, maşınqayırma, meteorologiya mühəndisliyi, geodeziya və xəritəçilik kimi xeyli ixtisas var və onlar artıq müasir dövrün tələblərinə uyğun deyil. Texnoloji yeniliklər bu ixtisasların əhəmiyyətini azaldıb. Baytarlıq, aqronomluq, meşəçilik, zootexniklik kimi ixtisaslara da hazırda əmək bazarında demək olar yer yoxdur. Halbuki ənənəvi əkinçiliyi müasir formalarla təşkil etmək, daha çox məhsuldarlıq əldə etmək lazımdır. Azərbaycanın münbit torpaqları və mülayim iqlimi meyvəçilik və tərəvəzçilikdən böyük miqdarda pullar qazanmaq üçün mükəmməl şans yaradır. Azərbaycan bu məhsulları idxal yox, ixrac etməlidir. Dünya bazarına çıxmaq və büdcənin neft gəlirlərindən asılılığına son qoymaq üçün ən yaxşı addımdır. Heyvandarlıqda da ətlik və südlük istiqamətində biznesi inkişaf etdirmək üçün şərait yaradılmalıdır.  Bu sahənin mütəxəssisləri çox olarsa, az əmək sərf etməklə istənilən gəliri əldə etmək mümkündür.”

N.İsrafilov bildirdi ki, iqtisadiyyatımızın dinamik inkişafı, sosial ədalət və sosial rifah naminə ən müasir, daha çox ehtiyac duyulan ixtisaslara, peşələrə diqqət ayrılmalıdır. Bunun üçün kifayət qədər üsul və vasitələr, habelə stimullaşdırıcı imkanlar axtarıb tapmaq olar.

Aliyə SƏMƏDOVA