Dünya neft sənayesinin yeni dövrü Xəzərdə qazılmış bir quyunun fantanından başladı


Baxıldı : 25

Tarix : 2019-11-08 05:54:53


1949-cu il noyabrın 7-də Bakı şəhərindən 110 kilometr şimal-şərqdə, Xəzər dənizində qazılmış quyunun fantan vurması ilə dünya neft sənayesinin yeni dövrü başlandı. Azərbaycan neftçilərinin açıq dənizdə stasionar platforma üzərindən neftçıxarma təcrübəsi bütün dünya üçün nümunəyə çevrildi. Artıq 70 ildir ki, Xəzər dənizi öz təkindəki qara qızılı səxavətlə qəhrəman Azərbaycan neftçilərinə bəxş edir.

Kiçik bir platformanı böyük kompleksə çevirmiş neftçilər indiyədək 1939 quyu qazmışlar. Quyular arasındakı estakadaların uzunluğu 200 kilometri ötmüşdür. İstehsal meydançalarının sayı isə 333-ə çatdırılmışdır. Bu müddətdə 175,5 milyon ton neft çıxarılmışdır.

Neft Daşlarında ən müasir texnoloji nailiyyətlər tətbiq edilir. Bütün bunlar ölkə başçısının uğurlu iqtisadi siyasəti və neftçilərimizin zəngin peşə təcrübəsi və fədakarlığı sayəsində mümkün olmuşdur.

Bu fədakar insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin, SOCAR rəhbərliyinin daimi qayğılarındandır. İldə bir neçə dəfə SOCAR-ın rəhbərliyi Neft Daşlarına gəlir, yaşlı, yeni nəslin nümayəndələri ilə görüşür, istək və arzularını, problemlərini öyrənirlər. Onlarla bir süfrə arxasında əyləşib nahar edirlər.

Mövcud şəraiti öz gözləri ilə görməyi daha vacib sayırlar.

Məhz bu birbaşa əlaqənin nəticəsidir ki, estakadalar şəhərində insanların rahat işləməsi və dincəlməsi, istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə abadlıq işləri müntəzəm xarakter daşıyır. Yataqxana korpusları, sərnişin gəmisinə minib-düşmə meydançası əsaslı təmir olunub. Təkcə mərkəzi parkda 1000-dən çox ağac və 8000 gül kolu əkilib.

Həmkarlar ittifaqı “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəhbərliyinin dəstəyi ilə işçilərin sosial hüquqlarının təmin olunmasını həyata keçirir. Onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində götürülmüş öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlayır.

Bildiyiniz kimi, dəniz neftçilərinin əməyi risklər üzərində qurulub. Ona görə də həmkarlar ittifaqı əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təbliğ və təşviq edir. Bununla bağlı daimi maarifləndirmə işləri aparır. Maarifləndirmə işində əyani vasitələrdən-plakatlardan, şüarlardan, qaydalardan çıxarışlardan istifadə olunur. Bütün sahələrdə yanğınsöndürmə avadanlıqları qoyulub. İşçilər fərdi mühafizə vasitələri, xüsusi geyimlərlə təmin edilib. Zərərli istehsalatlarda çalışanlara süd və süd məhsulları verilir.

Estakadalar şəhərinin sakinləri müxtəlif ərazilərdən gəlsələr də, özlərini burada bir ailənin doğma üzvləri bilirlər. Bu ailə üzvləri növbə vaxtı çiyin-çiyinə çalışdıqları, bir-birinin təhlükəsizliyinə cavabdehlik məsuliyyəti daşıdıqları kimi, istirahət vaxtlarını, əyləncələrini, bayramlarını kollektiv şəkildə qeyd etməyi mənəvi həzz bilirlər.

“Neftçilər Günü”nün ləzzəti bir başqa olur. Düzdür, yeməkxanada stolların üstünə düzülmüş nemətlərin çeşidi də, dadı da vazkeçilməzdir, amma əsas ruhun göyün yeddinci qatında olmasıdır. Bəlkə də bu ruh yüksəkliyi dünyanın ən şıltaq dənizi Xəzəri ram etmək hünərindən, təntənəsindən doğan qürurdan irəli gəlir.

Yay mövsümlərində dəniz fatehləri həmkarlar ittifaqının maliyyə və təşkilati dəstəyi ilə respublikamızın səfalı bölgələrində yerləşən ən yaxşı istirahət mərkəzlərində dincəlirlər. Müalicəyə ehtiyacı olanlara sanatoriyalara yollayışlar verilir.

İstirahətə getməyə vaxtı olmayan işçilərin də asudə vaxtları, necə deyərlər, pis keçmir. Sahildən vaxtaşırı incəsənət xadimləri dəvət edilir. Onlar “Çay evi”nin qarşısındakı meydanda gözəl ifaları ilə neftçilərin ruhunu oxşayırlar.

Həmkarlar ittifaqının vəsaiti hesabına paytaxtımızın teatrlarında göstərilən tamaşalara biletlər alınıb kollektivlərə havayı paylanılır.

Yeni il, Novruz şənliklərində neftçilərin balaları yolka biletləri ilə sevindirilirlər.

Neft Daşlarında idmana da böyük maraq var. Hər bir neftçi, həm kişi, həm də qadın, istədiyi idman növü ilə məşğul olmaq imkanına malikdir. Bu marağın, bu imkanın nəticəsidir ki, estakadalar şəhərinin idmançıları istər fərdi, istərsə də komanda yarışlarında yaxşı nəticələr qazana bilirlər. Elə “Neftçi” İdman Klubunun keçirdiyi son spartakiadada bütün idman növlərində toplanmış xallar hesablanarkən üçüncü yerə layiq görüldü. Ayrı-ayrı növlərdə də nəticə yüksək oldu. Məsələn, qadınlar arasında üzgüçülük yarışlarında Neft Daşlarının xanımları ikinci yeri tutdular. Güllə atıcılığında qadınlardan, daşqaldırmada kişilərdən ibarət komandalarımız fəxri kürsünün üçüncü pilləsində yer aldılar.

Mən, həmkarlar ittifaqı komitəsinin sədri kimi, bütün bunları yazarkən üzvü olduğum kollektivə, dünyanın səkkizinci möcüzəsi olan neft daşlarında çalışdığıma görə fəxarət hissi keçirirdim. Bizdən sonrakı nəsil bu hisslərin qat-qat artığını yaşayacaq. Çünki möcüzələr adasının perspektivi tükənməzdir. Respublikamızın Prezidenti hörmətli İlham Əliyevin dili ilə desək, Neft Daşları hələ bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə ləyaqətlə xidmət edəcəkdir. Əminliklə deyirəm ki, dəniz neftçiləri cənab İlham Əliyevin rəhbərliyi altında aparılan sosial-iqtisadi inkişaf proseslərinə bundan sonra da dəyərli töhfələrini verəcək, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

Hüseyn ƏHMƏDOV,

“Neft Daşları” Neft Qazçıxarma İdarəsi Həmkarlar İttifaqı

Komitəsinin sədri