Dünyada 5 gəncdən 2-si işsizdir


Baxıldı : 105

Tarix : 2019-06-07 14:25:03


Tanınmış ekspertlərin ümumi rəyinə görə, gənclər həyatın sürətlə dəyişən iqtisadi, siyasi, mənəvi və sosial aspektlərinə çətinliklə uyğunlaşır. Sosial tərəqqi onların ehtiyaclarına, maraqlarına, dəyər istiqamətlərinə təsir edir. Dünyanın, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrində, əmək sahəsində getdikcə dərin dəyişikliklər baş verir. Əksər ölkələrdə gənclərin məşğulluğu ilə bağlı oxşar problemlər ortaya çıxıb. Bunlar, gənclərin təhsilinin işəgötürənlərin tələbləri ilə uyğunsuzluğu, əmək qanunvericiliyinin liberallaşdırılması, özünüməşğulluğun yanlış inkişafı, davamlı məşğulluq, artan işsizlik və həmkarlar ittifaqı üzvlüyünin aşağı olmasıdır. Ötən il dünya üzrə işsizlərin ümumi sayının 35 faizini gənclər təşkil edib. Son onillik ərzində gənclər və yaşlı əhali arasında işsizlik göstəricilərinin nisbəti, demək olar ki, dəyişməyib.

Gənc qadınların da vəziyyəti əmək bazarında qənaətbəxş deyil. Müasir işçi qüvvəsi içində 5 gəncdən 2-si ya işsizdir, ya da işləyərək yoxsulluq içində yaşayır. Bir çox gəncin bu günü və sabahı qeyri-formal iqtisadiyyat və miqrasiya ilə bağlıdır. Dünyada hər 4 nəfər işləyən gənc qadın və kişinin 3-ü qeyri-formal məşğulluq sferasında çalışır, halbuki böyüklər arasında bu göstərici 5 nəfərdən 3-ü arasındadır. İqtisadiyyatın qeyri-formal sektorunda işəgötürənlər tez-tez işçilərin  hüquqlarını pozur, qanuni sosial müavinətləri təmin etmirlər.

Bunların hər biri təəccüb doğursa da, bununla belə bütün dünyada cəmiyyətin qarşı-qarşıya qaldığı reallıqdır. İşlə təmin olunmayan, işləməyən və ya peşə hazırlığından keçməyən, işə olan ümidlərini itirən gənclərin getdikcə artmaqda olan təhlükəli tendensiyaları müşahidə olunur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə mayın 24-də Lənkəranda “Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli” mövzusunda təşkil olunmuş seminarda bu narahatlıq doğuran reallıqlar barədə mütəxəssislərin çıxışları dinlənildi, diskussiyalar aparıldı, dinləyiciləri düşündürən suallar cavablandırıldı.

Tədbirdə giriş sözü söyləyən AHİK-in şöbə müdiri Namiq Hüseynov gənclərin işlə təminatı sahəsində xüsusilə son illərdə dövlətimizin hazırladığı və icrasını həyata keçirdiyi proqram sənədlərə diqqət çəkdi. Gənclərin müasir peşə ixtisaslarına yiyələnmələrindən ötrü atılan addımların uğurlu nəticələr verdiyini söylədi. Dedi ki, bu məsələdə həmkarlar ittifaqları olduqca fəal mövqe tutur. Məşğulluqla bağlı qanunların dövrə uyğun təkmilləşdirilməsi işinə töhfələr verir.

Təşəbbüslərlə çıxış edir. İctimai nəzarət funksiyalarını güzəştsiz yerinə yetirir, maarifləndirmə işləri aparır. BƏT-in məşğulluqla bağlı tövsiyə və konvensiyalarının Azərbaycanda ratifikasiya olunması işində həmkarlar ittifaqlarının göstərdiyi cəhdlər təqdirəlayiqdir.

Tədbirdə AHİK-in şöbə müdirinin müavini Əli Cəfərov “Kollektiv mübahisələrin həlli yolunda həmkarlar ittifaqının rolu”, baş mütəxəssisi Arif İbrahimov “Sosial dialoq vasitəsilə kollektiv mübahisələrin həllinin əhəmiyyəti”, əməyin hüquq müfəttişi Ruslan Bağırov “Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə kollektiv danışıqlar və mübahisələrin həlli yolları” mövzularında çıxışlar etdilər.

 

Xatırlayaq ki, bu mövzuda birinci seminar mayın 17-də Qubada keçirilmişdi.