Dünya bu soyqırımı tanımalıdır


Baxıldı : 149

Tarix : 2018-02-24 00:34:40


“Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün təkcə ötən il ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ümumilikdə 150-dən çox tədbir keçirilib”.

Bunu Komitə sədrinin birinci müavini Valeh Hacıyev   dedi. Bildirdi ki, Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmiz əleyhinə təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə müxtəlif formatlı tədbirlər təşkil edilmişdir. Xarici ölkələrin KİV-də ölkəmizlə bağlı mütəmadi olaraq məlumatlar yayımlanmışdır.

- Bu tədbirlər konkret olaraq hansı ölkələrdə keçirilmişdir?

 - ABŞ, Almaniya, Türkiyə, İsveç, Litva, Ukrayna, Gürcüstan, Rusiya, Fransa, Belçika, Niderland və digər ölkələrin adlarını çəkə bilərəm. Tədbirlərin formatı da müxtəlif olmuşdur: kütləvi etiraz aksiyaları, konfransları və seminarları, anım mərasimləri, fotosərgilər, mətbuatda konfranslar... Həmçinin adını sadaladığım ölkələrin telekanallarına, yazılı mətbuat orqanlarına Xocalı soyqırımından bəhs edən müsahibələr verilmişdir. İctimaiyyət arasında Xocalı soyqırımına həsr olunmuş materiallar yayılmışdır. Həmçinin, Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan-Qarabağ-Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur. 

Bundan başqa, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan diasporunun yaxından iştirakı ilə  bir çox ölkədə bir sıra tədbirlər, etiraz aksiyaları təşkil olunub.

Birgə fəaliyyətin nəticəsi olaraq artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Cibuti parlamentləri, ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb. Dünyanın bir çox ölkəsində - Hollandiya, Almaniya, Sarayevo, Bosniya və Herseqovina, Meksika və Türkiyənin Ankara, İzmit, İzmir və Sakarya şəhərlərində Xocalı soyqırımına aid abidələr ucaldılıb.

- Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı hansı ölkələrdə anım mərasimi təşkil edəcəksiniz?

 - Bəli artıq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın keçirdiyi tədbirlər intensivləşib. Amma bu il ən böyük tədbirlərimizdən biri fevralın 26-da Amsterdamda keçiriləcək. Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş konsert-rekviem təşkil olunacaq. Amsterdamın “De Rode Hoed” Mərkəzində simfonik orkestrin iştirakı ilə baş tutacaq tədbirdə yerli ictimaiyyət nümayəndələri, xarici ölkələrdəki Azərbaycan icmasının üzvləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Belə kütləvi tədbirlər, Avropanın digər dövlətlərində, Türkiyədə, ABŞ-da, Kanadada və digər ölkələrdə də keçiriləcək. Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında, Vaşinqtondakı, Brüsseldəki Ermənistan səfirlikləri qarşısında, eləcə də Almaniyanın bir sıra şəhərlərində - Maqdeburq, Bielfel şəhərlərində, Niderlandın Haaqa şəhərində, Danimarkanın paytaxtı Kopenhagendə, İsveçin paytaxtı Stokholmda azərbaycanlıların etiraz aksiyaları, yürüşlər təşkil ediləcək və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşəcək. Kanadada faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirlər demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edir. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə ictimaiyyətin diqqətini bu faciəyə yönəldir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması nəzərdə tutulur. Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi qurumlara və beynəlxalq təşkilatlara müraciətlər kampaniyanın tərkib hissəsidir. Qardaş Türkiyədə də Xocalı soyqrımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir. Türkiyənin Sakarya şəhərində “Xocalı soyqırımı” abidəsinin açılışı olacaq, Türkiyə Böyük Millət Məcilisində dinləmələr, Kocaeli Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş konfrans və digər tədbirlər keçiriləcək.

Əsli ƏHMƏDOVA