Dünyanı narahat edən məsələlər Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında müzakirə mövzusu oldu


Baxıldı : 105

Tarix : 2018-12-07 22:50:02


Dekabrın 2-dən 7-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib.

Tədbiri salamlama nitqi ilə Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının sədri Lizetta Risqord açıb. Deyib ki, BHİK iqtisadiyyatın qloballaşdığı bir dövrdə ən mütəşəkkil, qlobal həmkarlar ittifaqı təşkilatıdır. O gələcəkdə də qlobal, mübariz təşkilat olaraq qalacaqdır. Biz planetimizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa əsaslanan ən böyük sülh hərəkatıyıq.

Dünya qlobal problemlər sıxıntısında yaşayır. Bu sıxıntılardan ən çox əziyyət çəkən işçi təbəqəsidir. Əminəm ki, qurultayımız güclü mesajlar verəcək. Həmin mesajlar yaxın gələcəkdə öz təsirini göstərəcək.

Danimarkanın Baş naziri Lars Lekke BHİK-in fəaliyyətini yüksək dəyərləndirdi. Lakin etiraf etdi ki, hazırkı beynəlxalq durum hər bir qurumdan, o cümlədən həmkarlar ittifaqlarından, müəyyənləşdirdiyi hədəflərə doğru daha sürətlə, daha irəli getməlidir. Çünki bütün səylərə baxmayaraq, dünya dəyişmir. Biz hüquq və vəzifələr arasında ən mümkün balans yaratmaq üçün təşkilatlarla işçilərin birgə fəaliyyətini təmin edə bilmirik. Biz təhsil və səhiyyədən pulsuz istifadəyə, hər kəsə itirilmiş işə, xəstəliyə və ya əlilliyə görə iqtisadi, sosial dəstək göstərməyə nail ola bilmirik. Əgər bütün bunları reallaşdıra bilsəydik, dünyamız tamam başqa mənzərə alardı.

Beynəlxalq Əmək Təşkilatının direktoru Qay Rayder çətinliklərə qarşı sosial ədalət, işçilərin həyat səviyyəsini yaxşılaşdırmaq və məşğulluğun təmin edilməsi baxımından indiki iqtisadiyyatı uğursuz adlandırdı. Dedi ki, peal əməkhaqqında müşahidə olunan 0,8 faiz artım 2008-ci ildən bəri ən aşağı göstəricidir. Bu rəqəm onu göstərir ki, biz hələ də bərabərsizlik və sosial ədalətsizlik yolundayıq.

BHİK-in prezidenti Joao Antonio Felisio beynəlxalq həmkarlar ittifaqı hərəkatının işçilərin sosial, iqtisadi hüquqlarının qorunması istiqamətində fəaliyyətinin uğurlarını monolit təşkilatlanmada, sıx birlikdə gördüyünü söylədi: “Əks halda gələcəyimiz olmaz”, - dedi. - “Biz yaşamaq hüququmuzu saxlamaq və davam etdirmək üçün burdayıq. Hərəkatımızın müxtəlifliyini saxlamaqla bərabər, gücümüzü mərkəzləşmək hesabına daha möhtəşəm etməliyik. Birlik gücümüzün qaynaqlandığı təməldir. Beynəlxalq həmrəyliyin, birliyin gücü həmkarlar ittifaqlarının qələbəsinə yol açan əsas amildir”.

Qurultayın ikinci günü BHİK-in Baş katibi Şaron Barrou hesabat məruzəsi ilə çıxış etdi. Dedi ki, dünyamız parçalanır, insanların güvəni itir. Münaqişələr, diktatorluq, faşizm, qarşıdurmalar günümüzün reallıqlarıdır. Həmkarlar ittifaqları işçilərin müqavimətinin gücləndirilməsi, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi, sülh, demokratiya, sosial hüquqların müdafiəsi uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətlə yekunlaşacağı qaçılmazdır.

O, çıxışında bildirib ki, hesabat dövründə həmkarlar ittifaqı fəallarına qarşı hücumların coğrafiyası genişlənərək 65 ölkəni əhatə edib. Halbuki əvvəlki illərdə belə ölkələrin sayı 41 idi. 59 ölkədə  həbs olunan Hİ liderinin sayı da 69 faiz artıb. 123 ölkədə tətil etmək hüququna məhdudiyyətlər qoyulub.

Hər il dünya silahlanmaya 1,7 trilyon ABŞ dolları xərcləyir. Bunun yalnız 1 faizi bütün dünyada kifayət qədər qidalana bilməyən uşaqları 5 il müddətinə qidalandırmağa bəs edər. Baş katib dedi ki, təşkilatımız ölkələri hərbi xərcləri azaltmağa, cəmiyyətlərin, iqtisadiyyatın ehtiyaclarına sərf etməyə çağırır.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü, BHİK-in vitse-prezidenti Səttar Möhbalıyev də çıxış edib.

Azərbaycan həmkarlar ittifaqları adından qurultay iştirakçılarını salamlayıb. AHİK sədri qeyd edib ki, BHİK-in IV qurultayı beynəlxalq həmkarlar ittifaqı hərəkatı üçün önəmli bir ərəfədə, ilk milli həmkarlar ittifaqının 150, insan hüquqlarının ümumi bəyannaməsinin 70 illiyinin qeyd olunduğu bir vaxtda keçirilir. Bu baxımdan bizim üzərimizə əməkçi insanların sosial-əmək hüquqlarının müdafiəsi sahəsindəki işimizi daha da gücləndirmək və onu vaxtaşırı inkişaf etdirmək düşür.

“Biz bu ilin fevral ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayını keçirdik və konfederasiyamızın qurulmasının 25 illiyini də təntənəli şəkildə qeyd etdik. Bu tədbirlərdə BHİK-in prezidenti Joao Antonio Felisionun şəxsən iştirak etməsini Azərbaycan həmkarlar ittifaqlarına göstərilən diqqətin təzahürü kimi qiymətləndiririk və ona bir daha təşəkkür edirik”, - deyə S.Möhbalıyev əlavə edib.

BHİK-in IV qurultayının əsas mövzusu “İşçilərin potensialının formalaşdırılması: Qaydaların dəyişilməsi” bizim region və respublikamız üçün də aktualdır. Azərbaycanda işçilərin sosial rifahının yüksəldilməsi, sosial müdafiəsinin təşkili sahəsində atılan addımlar bu istiqamətdə müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.

Nümayəndə heyətimizin rəhbəri qurultay iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın son dövrlər əldə etdiyi nailiyyətlər hamımızı sevindirir. Ötən ilin yekunlarına görə, respublikamızda əhalinin gəlirləri 8,3 faiz, işçilərin orta aylıq əməkhaqqı isə 5,7 faiz artıb. Son 15 il ərzində ölkədə 1900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Yoxsulluq səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib.

Respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə yüksəldib. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub.

Məlumdur ki, işçiləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edən səbəblərdən biri həmkarlar ittifaqı üzvlərinin hüquqi müdafiəsidir, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın keyfiyyəti əsasən işçinin hüquqi müdafiəsinin səviyyəsindən asılıdır. Qeyd etmək istərdim ki, BHİK-in baş katibi Şaron Barou III qurultayda növbəti dörd il ərzində üzvlərin sayının 20 milyon nəfər artırılacağının qarşıya məqsəd qoyulduğunu bildirmişdi. AHİK öz növbəsində bu şüarı dəstəkləyərək ötən dövr ərzində sıralarına 56571 nəfər yeni üzv birləşdirməyə müvəffəq olub. Biz ölkə qanunvericiliyinin və BƏT-in konvensiyalarının verdiyi imkanlar çərçivəsində həmkarlar ittifaqlarının bütün üzvlərinin müraciətlərinə operativ reaksiya verir, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının qorunması və bərpası üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.

S.Möhbalıyev deyib ki, respublikamızda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” qəbul edilərkən gender və gənclər siyasətinin inkişafı, qeyri-rəsmi iqtisadiyyatla mübarizə, gənclərin məşğulluğu, üçtərəfli dialoqun təkmilləşdirilməsi məsələlərinə dair təkliflərimiz nəzərə alınıb. AHİK ölkə proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün öz Konsepsiyasını qəbul edib ki, burada da inklüziv məşğulluğu genişləndirmək, iqtisadiyyatı aktivləşdirmək, ölkədə qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq tədbirlərinin həyata keçirilməsi öz əksini tapıbdır. Bu gün Azərbaycan həmkarlar ittifaqları BMT-nin “Dayanıqlı inkişafın məqsədləri” proqramında irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün özünün bütün imkanlarından istifadə etməyə çalışır. Biz bu vəzifələrin həyata keçirilməsini texniki inqilabın nailiyyətlərindən istifadə olunmasında və hökumətin qərarlarının insanların rifahının yaxşılaşdırılmasına yönəldilməsində görürük.

Gündəmdə olan digər vacib məsələ də əməyin gələcək sferasıdır. Bu gündən biz qarşılaşacağımız halları dəyərləndirməliyik. Hesab edirəm ki, gözlənilən proseslər əmək münasibətlərinin forma və xarakterinin yenidən baxılmasına gətirib çıxara bilər. Biz, həmkarlar ittifaqı olaraq, vaxtında bu məsələyə hazır olmalıyıq.

Təəssüflə deməliyəm ki, bu gün bir sıra ölkələrdə hökumətlər və biznes imperiyası böhrandan çıxmaq adı altında əmək münasibətlərinin formasını dəyişməyə və həmkarlar ittifaqlarının muzdlu işçilərin müdafiəsinin təşkilinə dair son illər ərzində əldə etdiyi uğurları tamamilə heçə endirməyə cəhd göstərirlər. Bu, hər şeydən əvvəl işsizliyin artmasına və real əməkhaqqının azalmasına, qeyri-sabit məşğulluğa və işçidə özünə inamsızlığın yaranmasına şərait yaradır.

Çıxışının sonunda S.Möhbalıyev vurğulayıb ki, BHİK və onun müvafiq strukturları bu inamsızlığın aradan qaldırılması, alternativ siyasətin işlənib hazırlanması üçün müvafiq addımlar atmalıdır. BHİK-in öz diqqətini qlobal iqtisadiyyatın əsas problemlərinə və üçtərəfli münasibətlərdə həmkarlar ittifaqlarının bərabər tərəfdaş mövqeyinin qorunub saxlanmasına yönəltməsini də vacib hesab edirəm.

BHİK, dünyanın ən iri həmkarlar ittifaqı birliyi olmaqla, həmkarlar ittifaqı üzvlərinin yalnız 10 faizə qədərinin mənafeyini müdafiə edir. Hazırda BHİK-in tərkibində olmayan nəhəng həmkarlar ittifaqı birlikləri də mövcuddur. Hesab edirəm ki, BHİK qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu qüvvələri də öz ətrafında birləşdirmək istiqamətində səy göstərməlidir.

Təşkilati məsələyə baxıldı. BHİK-in prezidenti vəzifəsinə Nigeriya Əmək Konqresinin prezidenti Ayuba Vabba, Baş katibi vəzifəsinə Şaron Barrounun namizədlikləri irəli sürüldü və dəstəkləndi.

Sonra vitse-prezident seçkiləri oldu. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev yenidən BHİK-in vitse-prezidenti seçildi.

Sonda qətnamə qəbul olundu.

Qurultayda 132 ölkədən 1200 nəfərdən çox nümayəndə, o cümlədən Azərbaycandan AHİK sədrinin müavini Aqil Dadaşov, sahə həmkarlar ittifaqı respublika komitələrinin bir neçəsinin sədri iştirak edib.

Onu da qeyd edək ki, qurultayın nümayəndələrinə, qonaqlarına ingilis dilində “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” (Stages of ethnic cleansing and genocide against the Azerbaijanis) kitabı paylandı.