“Düşünürəm ki, bu qərarların növbəti illərdə də ardı olacaq”


Baxıldı : 105

Tarix : 2019-02-18 05:56:57


Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib. İclası AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Səttar Möhbalıyev son günlər ölkə başçısı tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirib: “Bilirsiz ki, Azərbaycan dövləti Avropa Sosial Xartiyasına qoşulub. Burada götürülən öhdəliklərdən biri də yaşayış minimumunun tədricən orta aylıq əməkhaqqına çatdırılmasıdır. Əməkhaqqı dövlətin əhalinin həyat səviyyəsi siyasətinin fundamental kateqoriyasıdır və eyni zamanda əməyin ödənilməsinin səviyyəsi bu siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan siyasətin işlənilməsi və həyata keçirilməsi həmkarlar ittifaqlarının bilavasitə iştirakı ilə baş tutur. Düşünürəm ki, bu qərarların növbəti illərdə də ardı olacaq.

Həmçinin məlumdur ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Bu məbləğdən aşağı həddə heç bir qurumda əməkhaqqı verilə bilməz”.

AHİK sədri ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacağını bildirib. Bununla bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını deyib.

Bundan başqa, ölkə başçısı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncam imzalayıb. Həmçinin ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilməsi haqqında Fərman imzalayıb.

S.Möhbalıyev vurğulayıb ki, dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır. Prezidentin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq. Bu artımların həyata keçirilməsinə martın 1-dən başlanacaq . Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.

Bütün bunlar isə, ölkə başçısının çıxışlarında dəfələrlə qeyd elədiyi kimi, yoxsulluğun aradan qaldırılmasına, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəlib.

Həmçinin  cari ildə sosial layihələrə daha çox sayda insanın cəlb ediləcəyini də deyib.

Sonra Səttar Möhbalıyev sədri olduğu AHİK və onun çoxsaylı üzvləri adından Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

AHİK sədri bir məsələni də xüsusi vurğuladı. Dedi ki, bütün dövlət qurumlarında, şirkətlərdə islahatlar gedir. İslahatlar, təbii ki, müəyyən hallarda ştatların ixtisarı və ya birləşdirilməsi ilə müşayiət olunur. Belə hallarda həmkarlar ittifaqları ştatını itirmiş insanların başqa münasib işlərlə təmin edilməsinə çalışmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edilməlidir ki, üzvlərimizin mənafeləri tapdalanmasın.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

AHİK-in İcraiyyə Komitəsinin və aparatının, Gənclər Şurasının 2019-cu il üçün iş planları, AHİK-in və üzv təşkilatların ümumiləşdirilmiş büdcəsi və ştat vahidləri təsdiq olunub.

İclasda həmçinin həmkarlar ittifaqı təşkilatlarının 2018-ci il üzrə statistik hesabatı, 2018-ci il ərzində AHİK aparatına daxil olmuş ərizə və şikayətlərin təhlili, 2018-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2019-cu il üçün təhsil planı, Azərbaycan həmkarlar ittifaqlarının C.Naxçıvanski adına Hərbi Liseydə mədəni hamilik üzrə 2014-2018-ci illər ərzində həyata keçirdiyi tədbirlərin yekunları və 2019-2023-cü illər üçün tədbirlər planı və həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2018-ci il üzrə hesabatı haqqında məlumatlar dinlənilib.

S.Möhbalıyev iclasda müzakirə olunan məsələlərə münasibət bildirib.

Azər MUSTAFAYEV