Ədalət prinsipi gözlənilməlidir


Baxıldı : 128

Tarix : 2019-06-07 09:47:19


Aprelin 3-də Gəncə şəhərində Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyası zona seminarı keçirmişdir. Tədbirdə Gəncə və ətraf rayonların sahə həmkarlar ittifaqı şuralarının sədrləri və fəalları iştirak etmişlər.

“Gender siyasəti və qadın hüquqlarının qorunmasında həmkarlar ittifaqının rolu” mövzusunda baş tutan tədbiri komissiyanın sədri Elnarə Muradova açmışdır. O, diqqəti “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa çəkərək demişdir ki, dövlətimiz zərif cinsin nümayəndələrinin cəmiyyətimizdə fəallığının artırılması, iqtisadiyyatda layiq olduqları yeri tutmaları üçün böyük işlər görür. Bu işdə biz, həmkarlar ittifaqı olaraq, dövlətimizə dəstək göstərməliyik. İlk növbədə maarifləndirmə işini gücləndirməliyik. Sıralarımıza qadınların daha çox cəlb edilməsinə nail olmalıyıq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova qloballaşan dünyamızda qadın əməyinə münasibət, yaranan problemlər və onların aradan qaldırılması üçün beynəlxalq həmkarlar ittifaqlarının, eləcə də  AHİK-in apardığı mübarizə istiqamətləri barədə danışdı.

Seminarda digər çıxışlar da dinlənildi. Çıxışlarda vurğulandı ki, müəssisə və təşkilatlarda işçilərin (kişi və  qadınların) rəhbər vəzifələrə irəli çəkilməsi prosesi şəffaf keçməlidir. Cinsindən asılı olmayaraq eyni şəraitdə işləyən, eyni ixtisas dərəcəsinə malik işçilərə əməkhaqqı, mükafatlar, digər maddi həvəsləndirmə ödənişləri verilərkən ədalət prinsipi gözlənilməlidir.

Tədbir iştirakçıları gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların işinin təkmilləşdirilməsi, işləyən qadınların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının kollektiv müqavilələrdə əksini tapmasını məqsədəuyğun hesab etmişlər. Həmçinin təklif etmişlər ki, ilk təşkilatlar sorğular keçirməli, bunun əsasında gender balansının vəziyyətini müəyyənləşdirməli, tədbirlər görməlidir. Müvafiq dövlət qurumları ilə birlikdə gender mövzusunda seminarlar təşkil edilməlidir. Bu seminarlar Hİ liderlərinin və fəallarının gender sahəsində biliklərini artırır.

Tədbir sual-cavabla başa çatdı.