ƏƏSMN-in yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin çıxışı


Baxıldı : 37

Tarix : 2018-12-28 05:54:55


İcazə verin, mən də Azərbaycan həmkarlar ittifaqları adından sizi - yaxın sosial tərəfdaşımızı 100 illik yubileyiniz münasibətilə təbrik edim, Azərbaycan xalqının  sosial rifahı naminə atdığınız addımların bundan sonra da qətiyyətli və inamlı olmasını arzulayım.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 100 il əvvəl əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyinin təsis edilməsi çox qürurvericidir. Həmin dövrdə parlamentin müzakirəsinə çıxarılmış 315 qanun layihəsinin 10-nun sosial sahəyə aid olması da xüsusi vurğulanmalıdır. 

Təbii ki, biz keçilən yola nəzər saldıqda böyük öndər Heydər Əliyevin ölkəmizin ən çətin məqamında xalqımızın təkidi ilə respublika rəhbərliyinə qayıtması ilə başlayan  inkişaf və tərəqqini həmişə xatırlamalıyıq.  Ulu öndərin sosial sahəyə davamlı diqqət və qayğısı Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə, sosial müdafiə sistemində müsbət dəyişikliklərə yol açdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı inkişaf dinamikasına görə regionun lider ölkəsinə çevirməsinin bəhrəsi də hər addımda görünür. Bunu ölkədə əmək pensiyaları və sosial müavinətlərin miqdarında da aydın sezmək olar. Cari ilin oktyabrın 1-də ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. Növbəti ildə isə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manat təşkil edəcək. Orta aylıq əməkhaqqının isə 14,9 faiz artacağı proqnozlaşdırılır.

Hörmətli tədbir iştirakçıları!

Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün dövlətin ilbəil güclənən sosial siyasətini yüksək səviyyədə icra edən, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi uğurla fəaliyyət göstərir.

Nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında uğurlu sosial tərəfdaşlıq əlaqələri mövcuddur. Təşkilatlarımızın fəaliyyət istiqamətlərinin üst-üstə düşməsi birgə tədbirlərin, birgə layihələrin həyata keçirilməsinə yol açmışdır.

Əmək sferasının gələcəyi konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır. Bu istiqamətdə Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti addım olmuşdur. Bu Proqramın həyata keçirilməsi üçün AHİK-in İcraiyyə Komitəsi özünün Konsepsiyasını qəbul etmişdir. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilmişdir.

Məlumdur ki, ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və rəsmi olaraq 2016-cı ilin yanvarında qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi özundə birləşdirən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”(“2030 Gündəliyi”) razılaşmasına da qoşulmuşdur. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox  böyük müvəffəqiyyətlə  həyata keçirdiyi prioritet istiqamətlərdən biridir. Bu baxımdan bilavasitə cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı  hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Bu, əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, maddi rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın  regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Həmkarlar ittifaqları ölkədə dayanıqlı inkişafın təmin edilməsi, əməyin gələcək sferası və ölkə proqramında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinin üzvlərimizə çatdırılması istiqamətində müntəzəm işlər görür. BƏT-lə, sosial əməkdaşlarımızın, yəni sizin və işəgötürənlərin nümayəndələrinin iştirakı ilə son dövrlər ərzində 600-dən çox dinləyicini əhatə edən 12 beynəlxalq və regional tədbir keçirmişdir.

Sosial dialoqun təmin olunmasında Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sosial tərəfdaşlığın subyektləri kimi düşünülmüş siyasət yürüdülür, Baş Kollektiv Saziş vasitəsilə tərəflərin maraqlarına cavab verən mühüm vəzifələr həyata keçirilir. Sosial dialoqun səviyyəsinin yüksəldilməsində əhalinin gəlirləri, məşğulluğu, sosial müdafiəsi, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi xüsusi əhəmiyyətə malikdir.

Əminəm ki, sosial tərəfdaşlığımız, qarşılıqlı əlaqələrimiz, birgə fəaliyyətimiz bundan sonra da möhkəmlənəcəkdir.

Dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirlməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılmışdır. Digər tərəfdən, ölkəmizdə sosial tərəfdaşlarla görülən işləri əlaqələndirmək məqsədilə Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir. Hər iki Komissiyada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi təmsil olunur. Hazırda Sosial-İqtisadi Məsələlər üzrə Komissiyaya AHİK rəhbərlik edir və biz Komissiya daxilində əməkdaşlığımızı uğurla irəlilətmək niyyətindəyik.

Çıxışımın sonunda bir daha konfransın işinə uğurlar arzulayır, cənab nazir Sahil Babayevi, nazirliyin bütün əməkdaşlarını 100 illik yubiley münasibətilə təbrik edirəm.

Diqqətinizə görə minnətdaram!