Əfqan Xaşalov bürünc medal qazanıb


Baxıldı : 50

Tarix : 2017-09-23 00:47:53


Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı keçirilib. İlk yarış günündə sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq.), Qalib Əliyev (61 kq.), Ağahüseyn Mustafayev (65 kq.), Coşqun Əzimov (70 kq.) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq.) Tatyana Varantsova (53 kq.) xalça üzərinə çıxıblar.

Yığmamızın üzvləri yarış gününü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq.) qazandırıb. Sərbəst güləşçimiz finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü, "Zenit" İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov (57 kq.) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq.) və Coşqun Əzimov (70 kq.) da bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq.) isə gümüş medalla kifayətlənib.

Yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq.) və Əşrəf Əliyev (86 kq.) xalça üzərinə çıxıblar.

Əşrəf Əliyev Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Rəşad Yusifli isə ilk görüşdə mübarizəni dayandırıb.

Bununla da dünya çempionatının sərbəst güləş yarışları başa çatıb. Komanda hesabında medalların sayına görə Rusiya millisi birinci, İran yığması ikinci, Azərbaycan komandası isə üçüncü olub və çempionatın kubokuna layiq görülüb.

Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.

Azər MUSTAFAYEV