Əgər tələblər cavablandırılmasa


Baxıldı : 49

Tarix : 2017-07-28 20:28:21


“Unite" Həmkarlar İttifaqı İngiltərənin Donkaster bölgəsində yaşayanlara yaxın zamanda küçə və parklarda zibilliklərin vaxtında təmizlənməyəcəyi barədə xəbərdarlıq edib. Buna səbəb aidiyyəti orqanın işçi ixtisarı aparmasıdır. Rəhbərlik 112 daimi çalışanı işdən çıxarıb, 12 müvəqqəti işçinin müqaviləsi isə yenilənməyib.

Şəhərin təmizliyi ilə məşğul olan şirkət ixtisarlardan sonra həftəlik 4 gün fəaliyyət göstərəcəyini, tibb müəssisələrinə məxsus tullantılara görə məsuliyyət daşımadıqlarını bildirib. Rəhbərlik bu qərarları bölgə bələdiyyəsinin maliyyə dəstəyini azaltmasından sonra aldıqlarını deyib.

“Unite"nin bölgə üzrə nümayəndəsi Şeyn Svitinq məsələ ilə bağlı deyib ki, əgər şəhər təmizliyinə nəzarət edən şirkət qərarını həyata keçirməli olsa,  əhali problemlə qarşılaşacaq. Şirkətin 250 nəfərlik heyətlə beş gün ərzində gördüyü işi daha az çalışanla 4 günə sona çatdırmaq qeyri-mümkün görünür: "Bundan başqa, qeyd edilən qərarlar alınmadan öncə "Unite" ilə danışıqlar aparılmayıb.  İttifaq avqustda şirkət çalışanlarının tətil keçirməsi üçün kampaniya başladıb. Kampaniyada çalışanların sayının iş yükünə uyğunlaşdırılması və 2 faizlik maaşların artırılması tələb edilib".

Qeyd edək ki, kampaniya iyulun 31-də bitir. Əgər tələblər cavablandırılmasa, avqustda ittifaq tətil və aksiyalar təşkil edəcək.

Cavid Səfərov