Əgər tələblər yerinə yetirilməsə


Baxıldı : 28

Tarix : 2018-01-12 22:43:51


Almaniyada sənaye sektorunda çalışanlar “İG Metal” Həmkarlar İttifaqının təşkilatçılığı ilə tətil keçiriblər. İşçilərin əsas tələbi maaşların artırılması olub. Tətilə metallurgiya sektorundakı şirkətlərin əməkdaşları qatılıb. Ölkənin Şimal Ren Vestfalya əyalətində yerləşən avtomobil istehsalı fabrikləri, kənd təsərrüfatı texnikası istehsal edən “Claas” şirkətinin işçiləri də hərəkata qoşulub.

“İG Metal” 3,6 milyon işçi üçün 6 faizlik maaş artımı tələb edir. İşəgötürən təşkilatlar isə 2 faizlik artım və 200 avro birdəfəlik ödənişə razılıq verib. Berlində yerləşən “OTİS” lift istehsalı şirkətinin 400 işçisi də bazar ertəsindən işə çıxmamağa qərar verib.

İttifaqdan bildirilib ki, Volkswagen, Porşe, Mersedes-Benz maşınlarının istehsalçısı olan Daimler və Bosch texnologiya firmasının yerləşdiyi Baden-Wüttenberg əyalətində rəhbərliklərlə danışıqlar aparılır. BMW və Siemens  kimi böyük şirkətlərlə danışıqlar Bavariyada yanvarın 15-i, Şimal Ren-Vestfalyada isə 18-ndə başlanacaq. Əgər tələblər yerinə yetirilməsə, sənaye sektorunda  milli tətil və etirazlar təşkil olunacaq.

 Cavid SƏFƏROV