Əgər tətil baş tutarsa


Baxıldı : 49

Tarix : 2017-09-29 23:43:59


İngiltərənin Mançester şəhərində yerləşən hava limanında çalışan "Mitie" Təmizlik  Şirkətinin işçiləri  maaşların azlığı və keçən iki il ərzində heç bir artımın tətbiq olunmamasına görə tətil keçirməklə bağlı səsvermə keçirib. Səsverməyə işçilərin 78 faizi qatılıb və 100 faizlik nəticə ilə tətilin lehinə qərar  qəbul olunub. İşçilər maaşlarının minimum əməkhaqqından az olduğunu bildirib. Onlar əlavə iş saatına görə də 1 funt-sterlinq ödənilməsini tələb ediblər.

Əgər tətil baş tutarsa, fəaliyyətinə görə ölkənin böyük hava limanlarından olan Mançester aeroportunda xidməti axsaqlıqlar baş verəcək.

"Unite"nin bölgə üzrə nümayəndəsi Cimmi Karter hava limanının davamlı təmiz saxlanılmasının çətinliyini və qarşılığında daha az maaş hesablanmasını diqqətə çatdırıb. O qeyd edib ki, burada çalışanların maaşı gündəlik yemək, kirayə və digər xərclərin ödənilməsi üçün yetərli deyil: "Tətil keçirilməsi ilə bağlı  təşkil olunmuş səsvermənin 100 faizlik müsbət nəticəsi rəhbərlik üçün xəbərdarlıq olmalıdır. Əgər bu, baş tutarsa, hava limanında xidmət problemi və prestij itkisi ilə nəticələnəcək".

Qeyd edək ki, hava limanında təmizlik şirkətinin 200 işçisi çalışır.

Cavid SƏFƏROV