Əhali icbari tibbi sığorta sistemi barədə məlumatlandırılıb


Baxıldı : 47

Tarix : 2019-09-02 06:55:24


“Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici seminar avqustun 27-də Astara rayonunda baş tutub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə təşkil olunan tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

AHİK sədrinin müavini Cavanşir Alxasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.

C.Alxasov nəzərə çatdırıb ki, ilkin mərhələdə tibbi xidmətlərin keyfiyyət standartlarının hazırlanması və bunun tətbiqi ilə bağlı treninqlərin keçirilməsi ən vacib məsələlərdən biridir. Təqdirolunası haldır ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. Bu keyfiyyət standartlarının hər il sayının artırılması nəzərdə tutulur. 

AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov respublika ərazisində icbari tibbi sığorta sisteminin tətbiqi prosesində həmkarlar ittifaqları liderlərinin və fəallarının iştirakının vacib olduğunu söyləyib: “Şəhər, rayon həmkarlar ittifaqı komitələri və ilk təşkilatlar xüsusilə maarifləndirmə işinin aparılması üçün böyük imkanlara malikdir”.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Allahverdi Alıyev icbari tibbi sığortanın mahiyyəti  və pilot layihə olaraq, üç regionda tətbiq edilən icbari tibbi sığorta sisteminin müsbət nəticələri haqqında danışıb.

Həmçinin iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş məlumat verilib. Eyni zamanda bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddır.

Sonda iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Qeyd edək ki, bundan əvvəl Quba, Qusar, Balakən, Qax , Zaqatala rayonlarında və Şəki şəhərində bu mövzuda maarifləndirici tədbirlər  təşkil olunub.