Əhali qrupu üzrə təbii qazın illik istehlak həcmi 500 kubmetr artırılı


Baxıldı : 220

Tarix : 2019-06-04 11:30:59


Əhali qrupu üzrə təbii qazın illik istehlak həcmi 500 kubmetr artırılıb.

Bu barədə Tarif (qiymət) Şurasının yaydığı məlumatda deyilir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı xarakter daşıyan sosial siyasətinə uyğun olaraq, növbəti humanist addım atılıb. Belə ki, dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.

Qeyd edək ki, 1,5 milyondan çox abonent (6 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edir.

Yeni qərara əsasən, əlavə olaraq daha 300 minədək əhali abonenti (1,2 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq.

Qərar bu il mayın 1-dən qüvvəyə minir. Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.