“Əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək”


Baxıldı : 40

Tarix : 2019-08-09 17:52:32


Avqustun 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüşüb. AHİK sədri onların hər birini, eyni zamanda bütün xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Millət vəkili ölkəmizdə Prezident İlham Əliyev tərəfindən son vaxtlar aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib. Bildirib ki, son aylarda minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sahələrə aid vəzifə maaşlarının, müavinətlərin, tələbələrə verilən təqaüdlərin artırılması barədə imzalanan sərəncamlar ölkəmizdə idarəetmədə sosial amilin ön plana çıxdığı faktını təsdiq etdi. Aparılan bu genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısıdır, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.

İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmaqla, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50% artırılıb, pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılıb, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40% artıb. Dövlət ümumi təhsil və peşə təhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40% artıb.

Artım eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərdi. Əhalinin rifahına yönəldilən əməli tədbirlərdən biri də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Son illərdə ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses də davamlıdır.

Minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının yüksəldilməsinə və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması deməkdir. Əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Sonra sədr görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, öz təkliflərini verib. Qarşılaşdıqları problemlərin həllində onlara imkan daxilində müəyyən köməklik göstəriləcəyini bildirib.

Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra iştirak edənlərin hər birinə maddi yardım təqdim edilib. 

“Ülfət” qəzetinin əməkdaşı qəbulda iştirak edən insanların bu görüş, ümumiyyətlə, onların AHİK barədə təəssüratlarını öyrənib. Müsahibəni sizə təqdim edirik.

Qarabağ əlili Cəvahir Məmmədova deyib ki,  millət vəkili onları istənilən vaxt qəbul edir, şikayətlərini dinləyir, problemlərinin həllinə köməklik göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər zaman bizə doğma münasibət bəsləyir.

Əfqanıstan müharibəsi veteranı, birinci qrup əlil Rəşid Elşadov bildirib ki, müqəddəs Qurban bayramı ərəfəsində Səttar Möhbalıyevin onları qəbul etməsini sevinclə qarşılayıblar. İlk növbədə bu bizə göstərilən münasibətin təzahürüdür. Deyərdim ki, bu görüşlər mütəmadi olaraq keçirilir. Sağ olsun Səttar müəllim, dərdimizi dinləyir, bizə köməklik göstərir, maddi yardımlar edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyətindən çox razıyıq, onlara öz təşəkkürümüzü bildiririk.

20 Yanvar əlili Əzizə Abbasova da bu səmimi qəbula görə millət vəkilinə minnətdarlığını bildirib. Qeyd edib ki, 1990-cı ilin 20 Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və həmin faciədə əlil olmuş insanlar dövlət  tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunublar. Neçə illərdir bu diqqət və qayğının bir bariz nümunəsini biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının timsalında da görürük. Bizim kimi həssas, qayğıya ehtiyacı olan insanların bu cür diqqətdə saxlanılması, köməklik göstərilməsi, deyərdim ki, hər birimizi hədsiz dərəcədə sevindirir.