Əhalinin həyat səviyyəsi, real gəlirləri və 2020-ci ildə hansı sosial artımlar gözlənilir?


Baxıldı : 372

Tarix : 2020-02-28 14:50:09


Bu məsələlər istiqamətində dövlətimizin yeritdiyi siyasət barədə iqtisadçı-alim Vüqar Bayramovla söhbət etdik. V.Bayramov dedi, 2019-cu ildə tətbiq edilən sosial paketlər əhalinin gəlirlərinin artmasına gətirib çıxarıb. Əhalinin həyat səviyyəsi birbaşa onların gəlirlərinin necə dəyişməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə əhalinin gəlirində 7.5 %- dən çox artım qeydə alınıb. Eyni zamanda adambaşına düşən gəlirlər 6.4% artıb. Bu isə ondan xəbər verir ki, 2019-cu il əhalinin gəlirlərinin artırılması baxımından yaddaqalan illərdən biri olub.  Nəzərə alsaq ki, Azərbaycan 2019-cu ildə iki əsas sosial paket təqdim etdi və bu sosial paketdən istifadə edən vətəndaşlarımızın sayı 4 milyondan artıq idi. Eyni zamanda sosial paket çərçivəsində 3 milyard manatdan artıq əlavə vəsait Dövlət Sosial Müdafiə Fonduna köçürüldü. Bu da əhalinin həyat səviyyəsinin yaxşılaşdıırılması üçün istifadə olunur. Bununla bağlı  həm əməkhaqqının 250 manata çatdırılması ilə bağlı qərar qəbul olundu, həm də  minimum pensiya məbləğləri  2019- cu ildə 200 manata çatdırıldı. 2020-ci ilin yanvar ayında əmək pensiyasının indeksasiyasına  əsasən, minimum pensiya məbləği 230 manata qədər yüksəldi. Alıcılıq qabiliyyətinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirməsinə əsasən, Azərbaycan MDB-də ən yüksək minimum  əməkhaqqı təklif edən ölkələrdən biridir. Minimum pensiya məbləğində də artımların müşahidə olunması Azərbaycanın MDB ölkələri arasında  ilk sıralara daxil olmasına imkan verdi. Bu baxımdan 2019-cu ildə həyata keçirilən sosial paketlər bir tərəfdən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etdi. Digər tərəfdən isə imkan verdi ki, Azərbaycanın bu göstəricilərə görə alıcılıq qabiliyyəti daxil olmaqla, MDB ölkələri arasında mövqeyində ciddi irəliləyişlər müşahidə olunsun. Xüsusən də Azərbaycan MDB ölkələri arasında yüksək minimum əməkhaqqına malik olan ölkələrdən biridir.

2020-ci ilin dövlət büdcəsindən də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün, sosial təminatın gücləndirilməsi baxımından, vəsaitlərin ayrılması nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin 38.5%-i sosial xərclər olacaq. Bu o anlama gəlir ki, yalnız birbaşa əməkhaqqı xərcləri 6.7 milyard manat olacaq. Pensiya və təqaüdlərin verilməsi üçün 3.2 milyard manat vəsait ayrılacaq. Bütovlükdə 2020-ci ildə birbaşa əməkhaqqı, pensiya və təqaüd xərcləri on milyard manata yaxın olacaq. Praktik olaraq bu ondan xəbər verir ki, 2020-ci ildə sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınacaq və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sosial layihələr prioritet olaraq qalacaq.

 

Gülöyşə MƏMMƏDLİ