“Əhalinin mütləq əksəriyyəti bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir”


Baxıldı : 25

Tarix : 2019-10-18 17:01:10


Oktyabrın 15-də Prezident      İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev doqquz ayın sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirıb, bununla belə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanların olduğunu deyib: “Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması sevindirici haldır. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Dövlət başçısı digər iqtisadi göstəricilərimizin də çox müsbət olduğunu bildirib: “Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.

Prezident qeyd edib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.

Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir.

Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda, demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır.

Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.

Dövlət başçısı deyib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub.

Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair.

Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik.

Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir.

Prezident qeyd edib ki, gördüyümüz işlərə verilən ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq.

Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik.

Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər.

Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış etdilər.