Əhalinin pensiya təminatında fərq hiss olunacaq


Baxıldı : 226

Tarix : 2017-03-16 00:24:24


Bildiyimiz kimi, "Əmək pensiyaları haqqında" qanuna bir sıra dəyişikliklər həyata keçiriləcək. Təklif edilən 98 adda dəyişikliklər 47 maddədən ibarət olan bu qanunun 22 maddəsini əhatə edir.

Dəyişikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

Yaş həddinin qaldırılmasının hansı xüsusiyyətləri vardır?

"Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri, hüquq elmləri doktoru, professor Mayis Əliyev bildirib ki, respublikamızın pensiya qanunvericiliyi baxımından, yaşa görə pensiya üçün tələb olunan yaş həddinə əsasən iki şərt təsir göstərir: insanın şəxsiyyətinin xüsusiyyətlərini xarakterizə edən bəzi göstəricilər və işin yerinə yetirildiyi əmək şəraiti. Bu göstəricilər ümumi pensiya yaşının, bəzi hallarda isə sosial sığorta stajının müddətinin aşağı salınması üçün əsas rolu oynayır. Hazırda qüvvədə olan pensiya qanunvericiliyində ümumi pensiya yaşını aşağı salmağa imkan verən bu iki hal hələ də saxlanılır. Lakin xarici ölkələrdə ümumi pensiya yaşının azaldılması üçün belə əsaslar tətbiq olunmur.

Məlumat üçün bildirirəm ki,  25 yanvar 2001-ci ildən üzvü olduğumuz dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasının Avropa Sosial Təminat Məcəlləsi əsasında Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları ilə əməkdaşlıq proqramı çərçivəsində hazırlanmış "Cənubi Qafqaz regionu üçün sosial təminat sahəsində nümunəvi Əsasnamə"də  pensiya yaşının hər iki cins üçün 65 yaşa çatdırılması təklifi irəli sürülüb. Ayrı-ayrı dövlətlərdə, demoqrafik vəziyyət nəzərə alınmaqla, müxtəlif pensiya yaşları müəyyən edilib.

Pensiya yaşının artırılması əsasən  pensiya sistemində maliyyə  dayanıqlığının  artırılması, doğumun azalması, pensiya yaşınadək olan vətəndaşların (gənclərin) sayının azalması (çünki pensiyanın verilməsi üçün vəsaitlər onların ödədikləri sığorta haqları hesabına həyata keçirilir), o cümlədən əmək qabiliyyətli əhali arasında işləyənlərin sayının aşağı düşməsi ilə əlaqələndirilir. Lakin bunu pensiya yaşlı əhalinin çox yaşaması ilə bağlamaq olmaz. Herontoloqların  konfransında yuxarı yaş qrupuna aid olan şəxslər isə aşağıdakı kimi təsnifləşdirilmişlər: 60 yaşdan 74 yaşa qədər olanlar - yaşlılar; 75 yaşdan 90 yaşa qədər olanlar - qocalar; 91 yaşdan yuxarı olanlar isə uzunömürlülər.

Hüquqşünasın sözlərinə görə, pensiyanın ödənişə görə müəyyən edilməsi nəticəsində insanlar pensiyaya tez çıxmağa maraqlı olmayacaqlar. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə, o zaman, hətta pensiya yaşı çatmasa  belə, əmək pensiyası ala bilər. Bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq. Amma digərləri bu kapitalı toplamaq üçün müəyyən müddət işləməli olacaq və erkən pensiyaya çıxmaq onları qane etməyəcək. Yəni burada sığorta olunanın fərdi hesabında toplanan pensiya kapitalını 144-ə böləndə alınan məbləğ əsas rol oynayacaq.

Pensiyalar aidiyyəti qurumlar tərəfindən müəyyən edilərək təyin olunacaq. Yaş həddi və onun artım mərhələləri də burada nəzərə alınacaq. Maliyyə mənbəyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilən məcburi sosial sığorta haqqının hesabına formalaşdırılacaq. 

Bu dəyişikliklərdən sonra daha çox iş stajı və pensiya kapitalında vəsaiti olanların pensiya artımında fərq hiss olunacaq. Burada həm də inflyasiya dərəcəsi də nəzərə alınacaq.

Onu da qeyd edim ki, Azərbaycanda üç dəfə pensiya islahatı ilə bağlı konsepsiya həyata keçirilib. İndiki qanun layihəsi 2014-cü ildə qəbul edilmiş konsepsiyanın tələbinə uyğun olaraq hazırlanıb. Daha çox ölkələr pensiya yaşını sosial-iqtisadi göstəricələrə uyğunlaşdırmağa çalışırlar. Pensiya təminatı sistemi iqtisadi kateqoriya kimi də çıxış edir. Çünki onun maliyyə dayanıqlığı məsələsi əsas rol oynayır.

M.Əliyev dəyişikliklərdən sonra pensiyaların necə hesablanması ilə bağlı bildirib ki, fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ qazanacaqlar.

Əmək müqaviləsi olmadan işləyənlərin, yəni məcburi dövlət sosial sığortasına cəlb edilməyən və sığorta haqqı ödəməyən insanların əmək pensiyası almaq hüququ yoxdur.

Azər MUSTAFAYEV