Ehtiyacı olan ailələr işlə təmin olunacaqlar


Baxıldı : 221

Tarix : 2017-12-08 19:23:14


"Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Vahid Əhmədov və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovla əlaqə saxladıq.

Vahid Əhmədov bildirdi ki, ünvanlı sosial yardım, ümumiyyətlə, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra bir neçə ildir ki, meydana çıxıb: "Bu da aztəminatlı ailələrə müəyyən qədər dövlət tərəfindən yardımın təyin edilməsi ilə əlaqədardır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Bu il ehtiyac meyarı 116 manat idisə, gələn il 14 manat artırılıb 130 manat olacaq. Bu da o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və bir il müddətinə nəzərdə tutulur.

Mən belə deyərdim ki, ünvanlı sosial yardım alan insanlarda ələbaxımlılıq, yəni bir növ asılılıq yaranır. Və onlarda işə meyillilik, demək olar ki, olmur. Bunun aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən işlər aparılır. Məqsəd bundan ibarətdir ki, sosial yardıma ehtiyacı olan ailələr işlə təmin olunacaqlar. Bu şəxslər ünvanlı sosial yardımdan kəsiləcəklər. Təbii ki, bunun üçün müəyyən qədər vaxt lazım olacaq. Amma yavaş-yavaş bu praktika reallaşır. Artıq pilot layihələr həyata keçirilir. Və bu layihə üzrə insanlara iş yerləri təklif olunur və hərənin maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunması nəzərdə tutulur. Artıq belə bir praktika Göyçayda və başqa bəzi rayonlarımızda həyata keçirilib. Onlara işləmək istədikləri sahə üzrə (fermer təsərrüfatı, ticarət və ya kiçik sahibkarlıqla) təkliflər verilir. Və çalışmaları üçün şəraitlər yaradılır. Daha sonra isə məşğul olduğu sahə üzrə məvacib aldıqca, xeyir götürdükcə ünvanlı sosial yardım siyahısından çıxardılırlar".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov dedi ki, ünvanlı sosial yardım kasıbçılığın aradan qaldırılmasına yönələn bir tədbir kimi nəzərdə tutulmuşdur: "Demək olmaz ki, bu proqramın rolu, əhəmiyyəti olmadı. Xeyr, insanlar, ailələr az da olsa, vəsait aldılar. Amma prosesin ortasında bəlli oldu ki, bu, kasıbçılığı aradan qaldırmağa tam xidmət etmir, yəni pul alınır, ancaq gündəlik tələbatı təmin edə bilir. Buna  görə də özünüməşğulluq proqramına start verilib. Ölkə Prezidenti özünüməşğulluq proqramını dəstəkləmək üçün vəsait ayırdı və "İşsizlikdən sığorta fondu" yaradıldı. Bununla da insanların özünüməşğulluğunu təmin etmək üçün onlara müəyyən yardımlar göstərilir. Bu layihə ilə Prezident insanların məşğulluğunu təmin etməklə kiçik shibkarlığa təkan verməyi nəzərdə tutur. Ona görə tədricən ünvanlı dövlət sosial yardım proqramı öz missiyasını başa çatdırıb aradan çıxarılmalıdır".

Aliyə SƏMƏDOVA