Ehtiyacı olanlara hayan durur


Baxıldı : 50

Tarix : 2018-08-31 18:51:34


Əlbəttə ən azı əmək qabiliyyətinin sonuna qədər sağlam həyat yaşamaq heç də hər insana qismət olmur. Bundan əlavə, həyat itkilərdən də xali deyil. Bəzən ya qadın, ya kişi övladlarını tək böyütmək məcburiyyətində qalır. Hər iki məqamda insanlar yaxınlarından hayan umur. Arxa, dayaq axtarır. Belə arxa dayaqlardan biri də həmkarlar ittifaqı olur. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin sədri Flora Pənahova deyir ki, rayonumuzdakı sahə işçilərinin də arasında həm sağlamlığı, həm də həyat yoldaşı sarıdan itkilərlə üzləşən insanlar var. Biz çalışırıq ki, qanun daxilində belələrinə hayan duraq. Onları taleyin gərdişi ilə təkbətək qoymayaq.

Flora xanımın dediyinə görə rayon təhsil şöbəsi ilə bağlanan kollektiv müqavilədə bu kateqoriyadan olan insanlara aid xüsusi öhdəliklər əksini tapıb. Kollektiv müqaviləyə əsasən əməkhaqlarından əlavə ödənişlərlə təmin edilirlər. Müalicələrinə, istirahətlərinə müəssisənin, həmkarlar ittifaqı komitəsinin büdcəsindən vəsait ayrılır. İş vaxtında da müəyyən güzəştlərə sahibdirlər.

F.Pənahova dedi ki, tək ailə başçılarını, sağlamlığında problem olan üzvlərimizi dövlət, milli, dini bayramlarda da hədiyyələrlə, pul yardımları ilə sevindiririk. Həmsöhbətim dediklərinin təsdiqi kimi elə bu yaxınlarda qeyd etdiyimiz müqəddəs Qurban bayramını misal çəkdi. Dedi ki, bayram ərəfəsində 28 nəfər tək ailə başçısına, sağlamlığında problem yaranmış, maddi imkanları zəif üzvlərimizə qurban əti kəsilib paylandı, maddi yardımlar göstərildi. Hər birinin bayramını təbrik etdik, xeyir-dualarımızı çatdırdıq.