Ekoloji təmiz məhsullar...


Baxıldı : 677

Tarix : 2015-10-23 02:49:00


Dünyada əhalinin sayının sürətlə artması sivilizasiyanın əsas problemi - ərzaq təhlükəsizliyi, planetin ehtiyatlarının qorunmasını təmin etmək və yaşayış səviyyəsini yaxşılaşdırmaq kimi məsələləri daha da aktual edir. Bu gün bütün dünya ekoloji təmiz məhsul axtarışındadır.Qeyd edək ki, organic food və ya ekoloji təmiz ərzaq müəyyən standartlara uyğun istehsal edilən, pestisidlər və mineral gübrələrdən istifadə olunmadan yetişdirilən məhsullardır. Avropada bu standart 24.06.1991-ci il tarixli \ Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Ümumavropa sazişi\ (\ Council Regulation N2092/91 of June 1991 on organic production og agricultural products\ ) əsasında müəyyən edilir. Son məhsula \ ekoloji təmiz\ statusu vermək üçün yoxlayıcı orqanlar onun \ dən mərhələsindən piştaxta mərhələsinə\ qədər bütün yolunu izləyir. Söhbət kənd təsərrüfatı-əkin sahəsi, səpin materialı, emal metodları, qablaşdırılma şəraitindən gedir. Buna nəzarət Milli Sertifikatlaşdırma Təşkilatı tərəfindən həyata keçirilir. Bu təşkilatın məhsulun üzərindəki işarəsi onun keyfiyyət və ekoloji təmizliyinə etibarlı zəmanət deməkdir. Məhsulu əsasən üç parametr təyin edir: ekoloji təmiz xammal, ekoloji təmiz inqredientlər, ekoloji təmiz texnologiya.Ekoloji təmiz məhsulların əsas bazarı Almaniya, Böyük Britaniya, Fransa, ABŞ, Kanada və Yaponiyadır. Dünyada eko-məhsulların satış həcmi 30-35 milyard dollardır. Orada istehsalçılara qarşı tələblər çox sərtdir. Məsələn, bioməhsul hasil etmək üçün həmin yer üç il ərzində təmizlənməlidir, yalnız bu prosedurdan sonra ekoloji sertifikatlaşdırılma oluna bilər. Məhsulun eko-etiketi varsa, onun tərkibi 95% üzvi maddələrdən olmalıdır. Avropada məhsula saxta ekoloji təmiz ad verməyinə görə istehsalçılar 1 il həbsxana və ya 30 milyon avro cərimə olunurlar. Qərb ölkələrində xüsusi mağazalar var, orada siz asanlıqla təbii və eko-məhsulları əldə edə bilərsiniz. Onların keyfiyyəti xüsusi sertifikatlar ilə təsdiq edilir.Müşahidələr göstərir ki, ekoloji təmiz qida məhsullarına tələbat get-gedə artmaqdadır və bu məhsulların istehsalı bütövlükdə dünya üzrə dinamik olaraq inkişaf edir. Artıq hamı başa düşür ki, sağlamlığımız, gələcək nəslin inkişafı naminə süni qidalardan nə qədər uzaq olsaq, bir o qədər özümüzə və genefondumuza xeyir vermiş olarıq. Bu baxımdan son illər respublikada sahibkarlığın inkişafı sahəsində bir sıra mühüm tədbirlər görülüb. Ölkə başçısı bununla bağlı bir sıra sərəncamlar imzalayıb. Milli Proqram təsdiq edilib. 2015-ci il \ Kənd Təsərrüfatı İli\ elan olunub.Məqsəd insanların, torpağın, heyvanların və bitkilərin sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləməkdən ibarətdir.Lakin yerli istehsalın gücləndirilməsi üçün hər şəraitin yaradılmasına, məhsulların saxlanılması üçün soyuducu anbarların tikilməsinə baxmayaraq, hələ də yerli bazarlarda xarici məhsulların çəkisi artıqdır. Ölkəmizdə mineral gübrələrdən, pestisidlərdən istifadə olunmadan ekoloji təmiz məhsulların istehsal imkanları çox genişdir və bu hətta xarici alıcılarda da böyük maraq oyatmışdır. Məhz bu səbəbdən bitkiçilik və meyvə-tərəvəz məhsullarımız maneəsiz xarici ölkələrə ixrac olunmaqdadır. Dövlətin bu mühüm məsələyə kifayət qədər dəstək verdiyini nəzərə alsaq, qısa müddət ərzində bu sahədə istehsal və emal müəssisələrinin sayının artacağı və istehlak bazarına daha çox ekoloji təmiz kənd təsərrüfatı məhsullarının çıxarılacağı şübhə doğurmur. Ancaq, təəssüflər olsun ki, hətta sadalanan tələblərə cavab verən məhsullarımızın əksəriyyətində ekoloji təmiz məhsul olması barədə xəbərdarlığı yoxdur.Bildiyimiz kimi, ekoloji təmiz kənd təsərrüfatı məhsulları digərlərinə nisbətən baha olur. Narahatlıq doğuran fakt ondan ibarətdir ki, bəzi sahibkarlıq subyektləri bu amildən yararlanaraq məhsullarına saxta \ ekoloji təmiz\ adı verərək daha çox gəlir əldə etmək istəyirlər və bununla da istehlakçıları aldadırlar. Ona görə bu məsələdə də hər kəs diqqətli olmalıdır.Günel RAFAYILQIZI