"Əl-cəzirə” kanalında erməni təxribatından danışılıb


Baxıldı : 32

Tarix : 2020-10-17 13:51:06


Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Amil Abdullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı “Əl-cəzirə” kanalında təşkil olunan debatda iştirak edib.
A.Abdullayev bildirib ki, Ermənistanın öz ərazisindən açdığı atəş zərbələri nəticəsində Gəncə şəhərində yaşayış yerlərinə, mülki infrastruktura, obyektlərə külli-miqdarda ziyan dəyib. Raket atəşi nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. 
O, ermənilərin Azərbaycan xalqı arasında qorxu yaratmaq istədiklərini qeyd edərək əsl niyyətlərinin bəlli olduğunu,  lakin belə hücum və təxribatlarla xalqımızı qorxuda bilməyəcəklərini diqqətə çatdırıb.
“Əl-cəzirə” kanalının aparıcısının xari ci ölkələrdən muzdluların Azərbaycana  gətirilməsi ilə bağlı səslənən iddialarla əlaqədar sualına isə A.Abdullayev bu formada cavab verib: “Azərbaycanda əhalinin sayı 10 milyondan çoxdur. Əhalisi 2-3 milyon olan Ermənistanın silahlı birləşmələrinə qarşı ordumuzun əlavə canlı qüvvəyə ehtiyacı olması tamamilə absurd bir məsələdir. Bizim ordumuz da, könüllülərimiz də, ehtiyatımız da var, heç bir şəkildə əlavə qüvvəyə ehtiyacımız yoxdur. Türkiyə bizə daha çox mənəvi dəstək verir, ehtiyac olarsa, başqa şəkildə də kömək etməyə hazırdır. Amma hazırda müharibəni öz ordumuz və dövlətimiz aparır. İnşallah, qalib gələcəyik”.
THİK sədri Xankəndinin vurulması ilə bağlı məsələyə də aydınlıq gətirərək Azərbaycanın haqlı mövqedən çıxış etdiyini söyləyib. Bildirib ki, regionda sülhün bərqərar olması üçün Azərbaycan xalqı 30 ildir gözləyib. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişəni həll etmək istəməyib. Haqlı mövqeyində olan Azərbaycan indi bu işi təkbaşına görməyə çalışır. Ərazisini işğalçılardan azad edir. 
A.Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağda yaşayan ermənilərə dəfələrlə müraciət edib. Onları kriminal hərbi xuntanı müdafiə etməməyə çağırıb.