“Əlaqələrimiz çoxlarına nümunə ola bilər"


Baxıldı : 132

Tarix : 2017-08-04 20:48:08


Avqustun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Polşa Həmkarlar İttifaqları Birliyinin sədri Yan Quzun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

S.Möhbalıyev ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən söhbət açaraq bu əlaqələrin köklərinin ötən əsrlərə gedib çıxdığını qeyd etdi.  Dedi ki, hələ 1472-ci ildə Azərbaycanın Ağqoyunlu və Polşanın Reç Rospolita dövlətləri arasında diplomatik əlaqələr yaradılıb. XIX əsrdə Polşada ölkəmiz haqqında kitab nəşr edilib. Bu çap məhsulunu hazırlayan da vaxtilə Azərbaycana səfər etmiş polyak alimi B.Andjeykoviç olub. Tarixdən bu da bəllidir ki, XIX əsrin əvvəllərində yüzlərlə polyak zaman-zaman rus imperiyası tərəfindən müxtəlif əyalətlərə, o cümlədən Azərbaycana sürgün ediliblər. XIX əsrin sonlarından başlayaraq polyak memarları Bakıda, Gəncədə, Şəkidə, Şamaxıda gözəl malikanələr inşa ediblər. Azərbaycanda neft sənayesinin inkişafında da polyak neftçilərinin mühüm xidmətləri var. V.Zqientski Xəzər dənizinin şelfində dünyada ilk dəfə neftçıxarmanın layihəsini vermiş, başqa bir polşalı neftçi P.Politski isə layihənin həyata keçirilməsində iştirak etmişdir.

Polşa şərqşünasları təkcə yaşadıqları vətəndə deyil, çalışdıqları ayrı-ayrı ölkələrdə də Azərbaycan ədəbiyyatına xüsusi maraq göstərərək ədiblərimizin əsərlərini həm öz, həm də başqa dillərə tərcümə etmişlər.

Ötən əsrin ortalarında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası Polşanın müxtəlif şəhərlərinin teatrlarında səhnələşdirilmişdi. Bu musiqili komediya Varşava, Qniezno, Opole, Lodz və başqa şəhərlərdə dəfələrlə tamaşaya qoyulub.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Polşada səfirlik təsis edib, eləcə də bu ölkənin Bakıda konsulluğu açılıb. Görkəmli Azərbaycan hərbçisi Vəli bəy Yadigar uzun müddət Polşada yaşayaraq polkovnik rütbəsinədək yüksəlmişdi. Faşist Almaniyası Polşanı zəbt edərkən o bu qəsbkarlara qarşı qəhrəmancasına vuruşub. 1944-cü ildə Azərbaycan oğlunun daxil olduğu polkun hərbi bayrağının mühafizəsi məhz ona həvalə edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra köhnə dostluğun yeni üfüqləri göründü. Milli müstəqilliyimizi tanıyan ilk ölkələr sırasında Polşanın da adı var. 1992-ci ilin fevralında iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1998-ci ildə Polşanın Bakıda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliyi təsis edilib.

Ulu öndər Heydər Əliyev Mərkəzi və Şərqi Avropa dövlətlərinin mühüm geostrateji, iqtisadi, siyasi mövqelərini, beynəlxalq və regional siyasətdə həyata keçirdikləri strateji kursu yüksək qiymətləndirirdi. 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Polşaya rəsmi səfəri ikitərəfli münasibətləri tənzimləyən normativ-hüquqi bazanı genişləndirməklə qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Polşaya səfəri, bu səfər zamanı imzalanan sənədlər iki ölkə arasında əlaqələrin yeni mərhələsinə zəmin yaratdı. Polşa ilə Azərbaycan arasında müdafiə, gömrük və iqtisadi sahədə əməkdaşlıq barədə sazişlərin imzalanması Azərbaycanın Avropaya inteqrasiyasının daha da sürətləndirilməsində böyük rol oynadı.

S.Möhbalıyev qonaqları Azərbaycanın indiki iqtisadi, sosial durumu barədə məlumatlandırdı. Diqqətə çatdırdı ki, respublikamız regionun aparıcı dövlətləri sırasındadır. Ümumdünya iqtisadi böhranın artıq xroniki hal almasına baxmayaraq, Azərbaycan hökuməti bir çox irimiqyaslı layihələri uğurla həyata keçirir. Bakı-Tbilisi-Qars dəmiryolu, TAP, TANAP buna yaxşı nümunədir.

AHİK sədri ürəkağrısı ilə qeyd etdi ki, bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. BMT-nin 4 qətnaməsi mövcud olsa da, Ermənistan işğal etdiyi torpaqlarımızdan çəkilmir. Təəssüf ki, dünyanın söz sahibi olan dövlətləri bu qətnamələrin tələblərinin reallaşması istiqamətində tədbirlər görmür.

Münaqişənin "Sülh danışıqları ilə həll edilməsi tərəfdarıyıq" sözləri altında işğalın uzanmasına şərait yaradırlar. "Sülh danışıqları" isə 20 ildən çoxdur ki, nəticə vermir.

Səttar müəllim bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də qan tökülməsini istəmir. Amma artıq səbr də tükənib. Azərbaycan dövlətinin qüdrətli ordusu, təbii ki, belə getsə, işğalçı ilə hərb dilində danışmaq məcburiyyətində qalacaq. Cənab İlham Əliyev dəfələrlə beynəlxalq birliklərə, Ermənistan liderlərinə bu barədə xəbərdarlıq edib. Deyib ki, əks halda məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşəcək.

"Ordumuzun nəyə qadir olduğunu ötən ilin aprel hadisələri də göstərdi", - deyə S.Möhbalıyev bildirdi.

AHİK sədri qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının həyatında son illər baş verən yeniliklər barədə də məlumat verib.

Polşa nümayəndə heyətinin rəhbəri Yan Quz Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə gedən inkişafdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya rəsmi səfərini xatırladıb. Deyib ki, o vaxt Polşa mətbuatı öz səhifələrində Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatına geniş yer ayırmışdı. Ölkəniz haqqında xalqımızda geniş təsəvvür yaradılmışdı. Mən isə hələ orta məktəb illərində Polşa yazıçılarının əsərlərindən Azərbaycanı sevmişəm. Həmişə bu nağıllar ölkəsinə gəlmək arzusu ilə yaşamışam.

Y.Quz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini söylədi. Dedi ki, mən siyasətçi olmasam da, həmkarlar ittifaqı işçisi kimi həmişə sizin mövqeyinizi müdafiə edəcəyəm.

Görüşdə hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlıq və həmrəylik əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Deyilib ki, təşkilatlarımız arasındakı münasibət çoxlarına nümunə ola bilər.

Sonda S.Möhbalıyev və Y.Quz bir-birinə xatirə hədiyyələri bağışladılar. Səfər müddətində qonaqlar Bakının tarixi və görməli yerləri ilə tanış oldular.

Qeyd edək ki, görüşdən öncə polşalı qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Arayış:

Polşa Həmkarlar İttifaqları Birliyi Polşanın iki əsas həmkarlar ittifaqı təşkilatlarından biridir. 1984-cü ildə yaradılan təşkilatın 3 milyon üzvü var və onların 500 mini təqaüdçüdür.

Bu təşkilat "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edir. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. Təşkilat ölkədə fəaliyyət göstərən 90 peşə qurumunu (vahid həmkarlar ittifaqları və federasiyalar) özündə birləşdirir, həmçinin ölkənin inzibati bölgüsünə uyğun ərazi zonaları ilə daxili ərazi quruluşlarına malikdir. Bunlar voivodship (regional) şuraları (16) və powiat (rayon) şuralarıdır (240).

Bəyalı RZAYEV