Əlaqələrimiz qarşılıqlı etimada əsaslanır


Baxıldı : 44

Tarix : 2020-10-17 15:15:27



Oktyabrın 10-da İstanbulda Türkiyənin Otel Yeməkxana və İstirahət Məkanları İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (TOLEYİS) XIV qurultayı keçirilib. Qurultayda Azərbaycan Həmkarlar   İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Deyib:

Əziz qardaşlar,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon üzvü adından Sizləri salamlayıram. Qurultayın işinə uğurlar arzulayıram. Əminəm ki, qurultayda qəbul olunan qərarlar işçilərin əmək və sosial hüquqlarının qorunmasında müstəsna rol oynayacaqdır. TOLEYİS ilə AHİK arasında uzun müddətdir mövcud olan əlaqələr qarşılıqlı etimada əsaslanır.
Nəzərinizə çatdırım ki, keçmiş Sovetlər İttifaqında həmkarlar ittifaqları sosializmə, hökumətə xidmət edən bir qurum idi. Müstəqillik əldə etdikdən sonra türk qardaşlarımızdan həmkarlar ittifaqlarının fəaliyyəti, cəmiyyətdəki mövqeyi barədə yeni biliklərin əldə edilməsi, təcrübələrinin öyrənilməsi əsas məqsədimiz oldu. Bunun üçün həm Türkiyədə, həm də Azərbaycanda seminarlar, digər formatlarda maarifləndirici tədbirlər keçirilmişdir. Əlbəttə, sonralar ölkəmizdə həmkarlar ittifaqları haqqında qanun qəbul olunarkən topladığımız bu məlumatları istifadə etmişdik.
Federasiyanın sədri Cəmail Bakındı uzun illər həmkarlar ittifaqına xidmət etmiş, bu sahədə tam formalaşmış bir liderdir. Biz indi də mütəmadi olaraq onun təcrübəsindən bəhrələnirik. Cəmail bəy sülh adamıdır, barışdırıcı rolu misilsizdir. Türkiyə həmkarlar ittifaqlarının önəmli simalarından biridir. Cəmail bəy, Sizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Qurultayda iştirak edən türk qardaşlarımıza, Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalajaya Qarabağ məsələsində bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Burada çıxış edən hər bir kəs Qarabağda apardığımız Vətən müharibəmizə münasibət bildirdi. Türkiyədə elə bir insan ola bilməz ki, xəbərləri izləməsin, döyüş bölgəsindəki vəziyyətlə maraqlanmasın. Əks-hücuma keçən Azərbaycan Ordusunun cəbhəboyu irəliləməsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məlumatları həyəcanla paylaşmasın. Əlbəttə, belə doğma, ədalətli münasibət tərəfimizdən çox yüksək qiymətləndirilir.
Bilirsiniz ki, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir. 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu daxil olmaqla, 20 faiz torpaqları işğal altındadır. İşğalçı Ermənistan ərazimizdən yeni torpaqlar qopartmaq, xalqımızın Qarabağ uğrunda mübarizə əzmini qırmaq məqsədilə vaxtaşırı silahlı təxribatlar törədib. İşğal başlayandan indiyə qədər şəhid və əlil olan vətəndaşlarımızın sayı on minlərlədir. Biz düşmənin silahlı təxribatlarına hər dəfə layiqli cavab vermişik. Amma yenə də münaqişənin sülh yolu ilə həllinə ümid etmiş və buna nail olmağa çalışmışıq. Azərbaycanın ümummilli lideri Heydər Əliyev, sonralar ölkə başçısı cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb ki, problemin güc vasitəsilə aradan qaldırılması minlərlə insanın faciəsinə gətirib çıxaracaq. Bu faciəyə imkan vermək istəmirsinizsə, silahlı qüvvələrinizi torpaqlarımızdan çıxarın.
Münaqişənin illərlə uzadılmasında təkcə Ermənistan deyil, bir çox Avropa dövlətləri və müəyyən siyasi, hərbi dairələr də günahkardır. Onların hər birinin bu münaqişədə öz maraqları var. Bu həqiqəti biz ATƏT-in Minsk qrupunun fəaliyyətinin nümunəsində açıq-aydın gördük. ATƏT-in nizamnaməsində yazılıb ki, həmsədr dövlətlər tərəfsiz olmalıdır. “Tərəfsiz” missiyasını üzərinə götürən Fransa ilk gündən mövqeyini ortaya qoydu. Yəni Ermənistanın himayəçisinə, vəkilinə çevrildi. Fransaya, digər havadarlarına arxalanan Ermənistan danışıqlar prosesində əldə olunan ən kiçik razılaşmaları da çəkinmədən pozurdu. Ona gözün üstə qaşın var deyən dövlət tapılmırdı. Heç bir dövlət Qarabağdan didərgin salınan, Qərbi Azərbaycan ərazilərindən zor gücünə qovulan 1 milyondan çox soydaşımıza görə Ermənistanı qınamağı belə ağıllarına gətirmirdi.
Bütün bunlara etinasız yanaşan Avropa dövlətləri, Avropa Birliyi işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoymurdu. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Minsk qrupunun üzvü olan ABŞ-ın Konqresi tərəfindən Qarabağda olan ermənilərə yardımlar ayrılır. Digər həmsədr Rusiya onları pulsuz silahlandırır. Bütün bunlar göstərir ki, ATƏT-in Minsk qrupu bu məsələni həll etmək istəmir, münaqişənin davamında maraqlıdır. Amma Azərbaycan xalqının səbir kasası daşıb.
Qurultay nümayəndələrinin indiki döyüşlərin başlanmasının əsl səbəbkarı haqqında dəqiq məlumatı olsun deyə, bəzi faktları diqqətə çatdırmağı vacib bilirəm. Hörmətli həmkarlarım, erməni silahlı birləşmələri həm cəbhə xəttində, həm də Ermənistan- Azərbaycan dövlət sərhədində dəfələrlə təxribat törədərək hücuma keçmək istəmişdir. Vaxtaşırı silahlı təxribatlar törətməklə işğal altında olan rayon və şəhərlərimizi de-fakto öz ərazilərinə qatmağa cəhd etmişlər. 2016-cı il aprelin ilk günlərində, 2020-ci ilin iyul ayında həyata keçirdiyi hərbi hücumlar bu niyyətin son nümunələridir. Amma Azərbaycan Ordusunun qətiyyəti, mübarizliyi sayəsində onların hücumlarının qarşısı alınmış, düşmənə layiqli cavab verilmişdir. Onların əzildiyini görən havadarları hər iki tərəfi dərhal döyüşü dayandırmağa, danışıqlar masasına qayıtmağa çağırmışlar.
Sentyabrın 21-də Azərbaycan Prezidenti Ermənistanın son təxribatlarını bir daha dünya birliyinə çatdırdı. İştirakçısı olduğu BMT Baş Assambleyasının 75 illiyinə həsr edilmiş sessiyası çərçivəsində Yüksək Səviyyəli İclasda yenidən qətiyyətli və prinsipial siyasətini nümayiş etdirərək təcavüzkarın məkrli niyyətini ifşa etdi. Və bir daha dünya ictimaiyyətinə Ermənistanın növbəti silahlı təxribata hazırlaşdığı barədə xəbərdarlıq etdi. Gözlənilən baş verdi.
Sentyabrın 27-də öz məkrli niyyətindən əl çəkməyən Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri bütün cəbhəboyu hücum həyata keçirdilər. Təmas xəttində yerləşən kəndlər, rayonlar iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından atəşə tutuldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, silahlı qüvvələrimiz Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma keçdi. Qısa müddət ərzində torpaqlarımızın bir hissəsi, strateji yüksəkliklər işğaldan azad edildi. 
Ermənistanın əks-hücumlarımız qarşısında davam gətirmədiyini görən Fransa prezidenti Emmanuel Makron dövlətimizin başçısına dəfələrlə zəng edərək döyüşləri dayandırmağa çağırdı. Prezident İlham Əliyev ona cavab verib ki, biz özümüzü öz torpaqlarımızda müdafiə edirik. Təxribatı törədən erməni silahlı birləşmələridir. E.Makron isə heç bir ciddi fakta əsaslanmayaraq guya Suriya və Liviyadan gətirilmiş muzdluların Azərbaycanın tərəfində döyüş əməliyyatlarında iştirak etməsi barədə saxta informasiyanı dilə gətirib. Qarşılığında ondan bu barədə heç olmasa bir fakt istəyən İlham Əliyevə cavab verə bilməyib.
Təəccüb doğuran daha bir telefon zəngi. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz, tam çıxarılmasını tələb edən 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri hələ də kağız üzərində qalmışdır. Beynəlxalq hümanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə protokollar kobud şəkildə pozulub. Buna baxmayaraq, BMT Baş katibi zəng edərək döyüşün dayandırılmasını istəyir. Amma fikirləşmir ki, bu qətnamələrin taleyi necə olub, niyə həll olunmayıb? Cənab “sülh göyərçinlərindən” soruşan yoxdur ki, nə vaxta qədər Azərbaycan dövlətinin başını qatacaqsınız, xalqımızı yalan vədlərə inandıracaqsınız? Bu qətnamələrin yerinə yetirilməsində siz maraqlı olmalı idiniz. Maraqlı deyilsiniz... Ona görə də bunu Azərbaycan Ordusu yerinə yetirir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan da istəyir ki, münaqişə sülh yolu ilə həll olunsun. Amma daha bir 30 il də gözləmək fikrimiz yoxdur.
E.Makron və onun həmfikirləri dərk etməlidirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! 
Nəzərinizə çatdırım ki, bugünədək aparılan döyüşlərdə erməni silahlı birləşmələrinin 200-dək tankı, çoxlu sayda hərbi texnikası məhv edilib. Bir hissəsi qənimət kimi ələ keçirilib. Düşmən özünü itirib. İndi də bütün dünyaya yalvarırlar. Baş nazirləri Rusiya prezidentinə 7-8 dəfə zəng edib ki, gəlib onları xilas etsinlər.
Ermənistan hər vasitə ilə çalışır  ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışır. Ermənistan öz ərazilərindən münaqişə zonasından çox uzaqda olan Gəncə, Mingəçevir şəhərlərini, rayonlarımızı raket atəşinə tutur. Məqsəd Azərbaycanın buna reaksiya verərək Ermənistana cavab zərbəsi endirməsi və bununla da Rusiyanı münaqişəyə cəlb etməkdir. Uğursuz cəhddir. Ölkə Prezidenti bütün bu baş verənlərə səbir və dözüm göstərir.
Ermənilər mənfur əməllərini indi də davam etdirir. Xocalı faciəsi bizim yadımızdan çıxmayıb. Ermənistan öz ərazisində etnik təmizləmə aparıb. Orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Amma Azərbaycanda 30 mindən çox erməni yaşayır. Onlar da bizim vətəndaşlarımız kimi eyni hüquqlara malikdirlər.
Oktyabrın 9-10-da Rusiya tərəfinin təşəbbüsü əsasında Moskva şəhərində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü olub, bəyanat qəbul edilib. Həmin bəyanata əsasən, humanist atəşkəs əldə olunub. Humanitar atəşkəs bəyannaməsinin, necə deyərlər, mürəkkəbi qurumamış, ermənilər Azərbaycanın ikinci böyük şəhəri, qədim mədəniyyət mərkəzlərindən olan Gəncəyə, özü də gecə saat 4 radələrində, namərdcəsinə raket zərbəsi endirdilər. Nəticədə 10 mülki şəxs həlak oldu, 30-dan çox Gəncə sakini - azyaşlı uşaqlar, evdar qadınlar ağır yaralandı. Bu xislətli düşmənin hansı sülh sazişinə, razılaşmasına inanmaq olar?!
Ölkə Prezidenti qəti qərar verib ki, əgər onlar barışıq istəyirlərsə, Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalıdır. Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək “Qarabağ Ermənistan deyil” fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir. Əgər bunlara əməl edilməsə, son sözü Azərbaycan Ordusu deyəcəkdir.
Prezidentimiz Qarabağda yaşayan erməni əhalisinə müraciət etdi. Bildirdi ki, kim orada yaşayıb və yaşamaq istəyirsə, Azərbaycan dövlətinin qanunlarına riayət etməlidir. Biz humanist xalqıq. Heç kəsin torpağında gözümüz yoxdur. Amma öz torpağımızdan da heç kəsə pay vermərik.
Çıxışımın sonunda bir daha xalqımız adından mətin türk xalqına öz minnətdarlığımızı bildirirəm. Türkiyə Prezidenti başda olmaqla, bütün dövlət xadimləri, siyasətçilər Azərbaycan xalqının yanında olduqlarını sübut etdilər. Bu mövqelərini bütün dünya dövlətlərinə çatdırdılar. Yaşasın Türkiyə, yaşasın şanlı Türkiyə Ordusu, yaşasın şanlı Azərbaycan Ordusu! Türkiyə - Azərbaycan qardaşlığı daimi olsun!
Qarabağ Azərbaycandır!
Qurultayda çıxış edən TOLEYİS-in Genel Başkanı Cemail Bakındı Qarabağ münaqişəsinin tarixindən danışarkən erməniləri imperialist güclərin türklərə qarşı məkrli siyasətinin “maşası” adlandırdı. Dedi ki, artıq 30 il əvvəlki dövr deyil, Azərbaycan güclü dövlətdir. Güclə zəbt olunmuş torpaqlarını güclə almaq qüdrətinə malikdir. Bütün dövlət xadimlərimiz, millətimizin sıravi üzvləri kimi, mən də 70 yaşımda, əlimdə əsa azərbaycanlı qardaşlarımın cərgəsində vuruşmağa hazıram.
Genel başkan təəssüflə bildirdi ki, 30 ildir səsi çıxmayan, Ermənistanın işğal faktına göz yuman imperialist dövlətlər qardaşlarımızın cəbhədə üstünlüyünü görüb “bir masa ətrafında dialoq” təşəbbüsündə bulunublar. Onlardan soruşan yoxdur ki, üç onillikdir harada idiniz? Bəlkə dialoq üçün “masa” tapa bilmirdiniz?! “Humanist” obrazına girib, guya “qan tökülməməsinin, yazıq erməni millətinin ev-eşiyindən kənarda necə yaşayacağının” qayğısına qalırsınız. Bəs        1 milyon Azərbaycanlı doğma torpaqlarından didərgin salınanda, minlərlə azərbaycanlı gülləbaran ediləndə, vəhşicəsinə öldürüləndə, Xocalı soyqırımı törədiləndə kömək göstərməsəniz də, heç olmasa, belə humanist sözlərdən niyə işlətmirdiniz?
Tarix sübut etdi ki, nicatımız gücümüzdədir. Türkiyə və Azərbaycan sülh və əmin-amanlıq, rifah halında yaşamaq istəyirsə güclü, qüdrətli olmalıdır!
Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalaja da çıxışında Qarabağda gedən Vətən müharibəsinə münasibət bildirdi. Dedi ki, biz ədalətin tərəfindəyik. Ədalət isə Azərbaycanın tərəfindədir. Xalqımız bir nəfərinə kimi azərbaycanlıların yanındadır. Qan qardaşlarımızın istənilən çağırışlarına can-başla hazırıq.
Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanladılar.
Tədbir iki gün davam etdi.