Əlaqələrin genişlənməsi təqdirlə qarşılanır


Baxıldı : 119

Tarix : 2018-04-14 01:14:38


Beynəlxalq Əmək Təşkilatının (BƏT) 45-ci Ərəb Əmək Konfransı Misirin paytaxtı Qahirədə öz işinə başlayıb. BƏT-in regional direktoru Ruba Caradat açılış sessiyasında çıxış edib. O qeyd edib ki, bölgədə uzun müddətdir davam edən ictimai və siyasi iğtişaşlar əmək bazarında məşğulluq probleminin artmasına səbəb olur. İşsizlik 2017-ci ilin statistikasına görə 10,2 faizdir. Gənclərin işsizlik göstəricisi isə 27,6 faizdir. Bu rəqəmlər beynəlxalq göstəricilərdən 2 dəfə çoxdur. Digər narahatlıq doğuran məsələ isə əmək bazarında gender bərabərsizliyinin dərinləşməsidir. İşsizliklə bağlı statistik göstəricilərdə qadınların kişilərə nisbətən 2 qat daha çox  bu problemlə üzləşdiyi müşahidə olunur. Ötən il neft sektorunda qiymətlərin aşağı düşməsi bir sıra iş yerlərinin bağlanmasına da səbəb oldu. Amma hazırda özəl sektorun inkişafı üçün müəyyən imkanlar var. Gələcək 10 ildə əhalinin sayının artmasını, qloballaşmanı və texnoloji inkişafı diqqətdə saxlayaraq  bir iş strategiyası hazırlanmalı və əmək bazarı özəl sektor hesabına genişləndirilməlidir. BƏT son illərdə Ərəb dövlətləri ilə əlaqələrin genişlənməsini təqdirlə qarşılayır. Xüsusilə İraqın işçilər arasında birləşmək azadlığı və bu hüquqların qorunması ilə bağlı BƏT-in 878 saylı Konvensiyasının qəbulu, Livanın üçtərəfli danışıqlarla bağlı razılığa gəlməsi mühüm irəliləyişdir.

R. Caradat silahlı münaqişələr, uşaq əməyi daxil olmaqla, bir sıra problemlərə qarşı BƏT-lə Ərəb ölkələrinin gələcəkdə birlikdə çalışacaqlarını bildirib.

Konfrans çərçivəsində BƏT nümayəndələrinin Misirin və digər ölkələrin siyasi xadimləri ilə görüşləri təşkil olunub.

Cavid SƏFƏROV