Elektron portal layihəsinə başlanılıb


Baxıldı : 24

Tarix : 2019-11-08 05:25:03


Beynəlxalq Əmək Təşkilatı  (BƏT) statistika ilə bağlı elektron portal layihəsinə başlayıb. Burada araşdırmaçılar, jurnalistlər, mütəxəssislər və sair peşə sahibləri müxtəlif mövzularda statistik məlumatları yerləşdirəcəklər. Hər kəs də lazım olan məlumatı oradan alma imkanına sahib olacaq. BƏT- in Statistika Departamenti tərəfindən ingilis, fransız və ispan dillərində əmək qanunvericiliyi və müxtəlif ölkələrdə vəziyyətlə bağlı statistikanın yer alacağı elektron portalda mənbələr və lazımlı digər linklər yer alacaq.

Portalda ölkələr üzrə işsizlik səviyyəsi, muzdlu əmək fəaliyyəti ilə məşğul olan uşaqların statistikası, minimum və orta aylıq əməkhaqqı, əmək bazarında gender bərabərliyi ilə bağlı göstəricilər və s. məlumatlar yer alacaq. Burada yerləşdirilən məlumat bazası müxtəlif başlıqlarla qruplaşdırılacaq. Portala BƏT-in statistika üzrə mütəxəssisləri və iqtisadçıların bloq yazıları da əlavə olunacaq.

BƏT-in Statistika Departamentinin katibi Rafael Diez  bildirib ki, əmək bazarı  ilə bağlı statistik məlumatlar hər kəs üçün yararlı ola bilər. Hər kəs təkcə öz ölkəsi ilə bağlı deyil, digər ölkələrin əmək bazarı, mütəxəssisə ehtiyac duyulan sahələr və iş imkanları barədə lazımi məlumatı vahid bazadan əldə edə biləcək.

Burada həmçinin problem yaşayan ölkələrdə məsələnin həlli ilə bağlı təkliflər verilməsinə imkan yaranmış olur.