Elektron reseptlərin tətbiqi reallaşacaq


Baxıldı : 113

Tarix : 2017-01-06 22:26:30


Azərbaycanda elektron variantlarının işlənib hazırlanmasını, yüksək keyfiyyətdə və hamı üçün əlçatan səhiyyə xidmətlərinin göstərilməsini təmin edəcək elektron səhiyyə proqramının yaradılması nəzərdə tutulub.

Bu, artıq "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə qeyd edilib.

Sənədə görə, proqramın yaradılmasında əsas məqsəd vətəndaşların məmnunluğuna yönəlmiş səhiyyə sisteminin formalaşdırılmasıdır. Bu sistem pasiyentlərin səmərəli və ehtiyaclarına uyğun şəkildə məlumatlandırılmasına şərait yaradacaq.

Proqram çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə bir neçə komponenti - elektron səhiyyə məlumatlarını, elektron qeydiyyat, rəqəmsal təsvirlər və elektron resepti birləşdirəcək. Rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaqdır.

Səhiyyə ilə bağlı zəruri informasiyaların işlənib hazırlanması üçün baza rolunu oynayacaq bu məlumatlar tibb xidmətlərinin göstərilməsinə dair müqavilələrin bağlanmasına və icrasına, pasiyentlərin hüquqlarının etibarlı şəkildə qorunmasına, ictimai səhiyyənin və yüksəkkeyfiyyətli səhiyyə xidmətlərinin təmin edilməsinə, sağlamlıq vəziyyəti ilə bağlı reyestrlərin və ümumilikdə, səhiyyə infrastrukturunun daha effektiv idarə olunmasına şərait yaradacaq.

Yol xəritəsində bildirilir ki, rəqəmsal resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmsal resept standartları işlənib hazırlanacaq. Rəqəmsal resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmsal resept tərtib edərək mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər. Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək şəxsiyyət vəsiqəsi və ya rəqəmsal resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmsal resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə ediləcək.

Bu prioritetin icrası üçün 2020-ci ilədək 276 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.