“Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başladı


Baxıldı : 304

Tarix : 2018-07-07 00:09:49


İyun ayının 25-dən Mərdəkan qəsəbəsində yerləşən “Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başladı.

Milli Elmlər Akademiyası əməkdaşlarının 50 övladı düşərgənin ilk qonağı oldu. Onlar burada 14 gün dincələcək və əylənəcəklər. Uşaqların günlərinin xoş keçməsindən ötrü bu istirahət mərkəzində hər cür şərait yaradılıb. İki ədəd hovuz, futbol, voleybol meydançaları uşaqların ixtiyarına verilib. Bilyard, stolüstü tennis, şahmat, dama, domino, nərd həvəskarları da unudulmayıb. Yəqin ki, ərazidə düzəldilmiş minizoopark uşaqların ən çox toplaşdığı məkan olacaq.

“Elm”in sakinləri təkcə əylənməklə kifayətlənməyəcək, həm də Abşeronun tarixi abidələrini ziyarət edəcək. Vətənimizin keçmişinə dair biliklərini artıracaqlar. Onları Murtuza Muxtarovun, Hacı Zeynalabdin Tağıyevin bağ evlərinə, “Qala” tarixi memarlıq qoruğuna, “Binə” Atçılıq Mərkəzinə, Zirə Eko parkına maraqlı ekskursiyalar gözləyir. Onlar hətta Xəzər dənizinin mühafizə olunan çimərlik zonalarında çimərək yayın ləzzətini çıxaracaqlar.

Uşaqların qayğısına təcrübəli mütəxəssislər qalacaq. Qeyd edək ki, düşərgədə 6-13 yaş arası uşaqlar dincələ bilər. Yay mövsümü ərzində bu istirahət mərkəzinə 5 gediş planlaşdırılıb. Yollayış vərəqələrinin qiyməti 200 manatdır.

Bu məbləğin 70 manatını valideynlər, 130 manatını isə həmkarlar ittifaqı təşkilatı ödəyəcək.