Elm xadimlərinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib


Baxıldı : 67

Tarix : 2018-11-23 21:51:19


Noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları ilə görüş keçirilib. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev görüşdə iştirak edən kollektivin üzvlərini bu elm ocağının 85 illiyi münasibətilə təbrik edib. Millət vəkili  institutun tarixi yol keçdiyini,  zəngin ədəbi irsimizin öyrənilməsində əvəzsiz rol oynadığını, ölkənin mədəni, ictimai həyatında sayılıb-seçilən elm mərkəzlərindən biri olduğunu vurğulayıb. Deyib ki, Azərbaycan ədəbiyyatşünaslıq elminə töhfə verən insanların fəaliyyəti AHİK  tərəfindən də hər zaman yüksək qiymətləndirilib. AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı AHİK-in fəxri fərmanları, yubiley döş nişanları, qiymətli hədiyyələri ilə mükafatlandırılıb. 

AHİK sədri daha sonra çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən AMEA-da çalışan elm adamlarının sorğularına, problemlərinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşılıb. Onların müalicə, istirahət, ümumiyyətlə, hər hansı bir məsələ, problemlə bağlı müraciətləri diqqətdən kənarda qalmayıb. Bu da təsadüfi deyil. AMEA-da Azərbaycan elminin korifeyləri, alimlər, elmi işçilər çalışırlar. Özü də fədakarlıqla çalışırlar. Həyatlarının 50 ilini, 40 ilini, 30 ilini bu sahəyə həsr ediblər. Mən deyərdim ki, qurban ediblər. Onlar əsl elm fədailəridirlər. Azərbaycanı dünyada tanıdan insanlardır. Biz də, həmkarlar ittifaqı təşkilatı olaraq, həmin insanlara hər cür köməklik göstərməyə borcluyuq.

Məhz bugünkü görüşümüzdə də AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, bu elm fədailərinin və eyni zamanda həmkarlar ittifaqı işində fəal iştirak edən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. İnstitutun 27 nəfər əməkdaşı AHİK-in Fəxri fərmanlarına, 17 nəfəri isə qiymətli hədiyyələrə layiq görülüblər.

Sonra Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxış edib. O deyib ki, institutumuzun yubileyi ölkə miqyasında böyük ictimai hadisəyə çevrildi. Akademik ilk növbədə institutun bir qrup əməkdaşını Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə fəxri adlar və dövlət mükafatları ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. Qeyd edib ki, bu təltiflər bütövlükdə Ədəbiyyat İnstitutuna dövlətin qayğısını ifadə edir və hesab edirik ki, institutun hər bir əməkdaşının əməyinə verilən yüksək dəyərdir. İnstitutumuzun əməkdaşları dövlətin bu qayğısını yüksək qiymətləndirir və bundan sonra da Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyəcəkdir. Akademik  rəhbərlik etdiyi qurumun ölkəmizin elm tarixində müstəsna xidmətləri olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti bildirib ki, institut ötən 85 il ərzində Azərbaycanda filologiya elminin mərkəzinə çevrilib, milli-mənəvi mədəniyyətin, folklorun, klassik və müasir ədəbiyyatın, xarici ədəbiyyatın öyrənilməsi ilə ardıcıl məşğul olub, onun tədqiqi, nəşri və təbliği sahəsində genişmiqyaslı tarixi işlər görüb.

Akademik qeyd edib ki, beynəlxalq həmkarlar ittifaqları sırasında ali kürsüdə təmsil olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizdə elmin, təhsilin inkişafına böyük töhfə verir. AHİK Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirir, ali məktəb tələbələri arasında müxtəlif müsabiqələr təşkil edir, onları adlı təqaüdlərlə mükafatlandırır və digər bu səpkili tədbirlərə dəstəyini əsirgəmir. Biz AHİK rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndiririk.  Azərbaycan həmkarlar ittifaqlarının ölkəmizin ictimai-siyasi həyatında böyük rolu və nüfuzu vardır. AHİK eyni zamanda beynəlxalq həmkarlar ittifaqları, milli həmkarlar ittifaqı mərkəzləri arasında böyük nüfuza malikdir, müxtəlif qlobal məsələlərin, problemlərin həllində yaxından iştirak edir. Məhz bu nüfuzun nəticəsidir ki, AHİK sədri, iqtisad elmləri doktoru, professor, millət vəkili Səttar Möhbalıyev eyni zamanda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir.

Akademik İ.Həbibbəyli həmçinin bildirib ki, bir neçə gündən sonra Danimarkada keçiriləcək Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayında Səttar Möhbalıyevin həmin vəzifəyə namizədliyi yenidən irəli sürüləcək və ümidvarıq ki, o, bu vəzifəyə növbəti dəfə də seçiləcəkdir. Biz elm adamları olaraq bütün bunları yüksək qiymətləndirir və Azərbaycanın imicinin güclənməsinə böyük töhfə, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin təntənəsi hesab edirik.

Biz gördükləri işlərə görə hörmətli Səttar müəllimə və onun rəhbərlik etdiyi kollektivə dərin minnətdarlığımızı bildirir və fəaliyyətlərində uğurlar arzulayırıq. Həmkarlar ittifaqlarının kollektivimizə təqdim olunan mükafatları bizim üçün önəmlidir, ictimaiyyətin əməyimizə verdiyi dəyər kimi qiymətləndirilir. Bir daha sizə öz təşəkkürümüzü bildiririk.

Daha sonra akademik İ.Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış “Xosrov və Şirin” kitabını, eyni zamanda institutun üç dildə çap olunmuş tanıtma kitabını da kollektiv adından S.Möhbalıyevə təqdim edib.

Sonda AHİK-in Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu. Mükafat alanlar adından çıxış edənlər AHİK rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Azər MUSTAFAYEV