Elmlə təcrübənin vəhdəti təmin olunmalıdır


Baxıldı : 71

Tarix : 2018-06-22 23:13:53


Son günlər bir çox pambıqçılıq rayonunda baş vermiş zəhərlənmə halları dövlət qurumları və mütəxəssislər tərəfindən müzakirə mövzusuna çevrilib. Kənd təsərrüfatı naziri bu qurumun bölgələrdə yerləşən strukturlarının rəhbərlərinin iştirakı ilə iclas keçirib. Struktur rəhbərlərinə tapşırılıb ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, fermer və sahibkarlarla görüşlər keçirilməli, onlar bu barədə maarifləndirilməlidirlər. Ümid edirik ki, bu tapşırığı yerinə yetirməklə zəhərlənmə və digər xoşagəlməz hadisələrin bir daha baş verməməsinə nail olunacaq.

 

Mətbuatda yazılan informasiyalara görə, hökumətimizin əlaqədar qurumları hazırda kütləvi zəhərlənməyə gətirib çıxarmış halların səbəbini araşdırır. Səbəblər isə müxtəlif versiyalarla izah edilir. Məsələn, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmliyə görə, pambıqçılığa məhsulun keyfiyyətli, maya dəyəri az və ən əsası rəqabətqabiliyyətli olması üçün elmi yanaşma tələb olunur. Burada elmlə təcrübənin vəhdəti təmin olunmalıdır. O qeyd etdi ki, sahələrdə ucuz və müddəti keçmiş pestesitlərdən istifadə edilir. Fermerlər isə  daha yaxşı nəticə əldə etməkdən ötrü dərmandan qədərindən  artıq istifadə edirlər. Bu da, təəssüf ki, zəhərlənməyə səbəb olur.

Pambıq bitkisinin 200-dən çox ziyanvericisi və 10-dan çox xəstəliyi var. Ziyanverici həşəratlara, xəstəliklərə, alaq otlarına qarşı kimyəvi zəhərli maddələrdən uzun müddət istifadə edilsə də, əvvəllər pambıq sahələrində işləyənlərin zəhərlənməsi halları müşahidə olunmayıb. Burada problem o deyil ki, dərmanlanma prosesi necə həyata keçirilib: texniki vasitə ilə və ya əllə.

Mütəxəssis indiki zəhərlənmələri məsuliyyətsizlikdə, qeyri-peşəkarlıqda və ixtisaslı kadr çatışmazlığında görür.

İqtisadçı alim Vüqar Bayramov isə pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərin etdiyinin araşdırılmasına ehtiyac olduğunu bildirdi: “Bu, sadəcə, hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər.

Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir. Hazırda dünyanın, demək olar ki, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkanları məhdudlaşır.

Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası fermerlərin texnikaya çıxış imkanları genişlənməlidir”.

Əsli ƏHMƏDOVA