Əmək fərdi və  ictimai rifahın əsasıdır


Baxıldı : 46

Tarix : 2017-10-14 04:43:21


"Əməkhaqqı - layiqli səviyyə". Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 7 Oktyabr - Layiqli Əmək Günü münasibətilə Zaqatala rayonunda keçirdiyi seminarın mövzusu belə adlanırdı. Seminarı giriş sözü ilə ittifaqın Zaqatala Rayon Komitəsinin sədri Xamisət Borayeva açdı. AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin müdir müavini Əli Mədətov, sahə Hİ Respublika Komitəsinin əməyin baş texniki müfəttişi Əliş İbrahimov, Şəki Şəhər Komitəsinin sədri Məmmədnuru Əzizov çıxış etdilər.

Əli Mədətov bildirdi ki, layiqli əmək Azərbaycan Respublikasının milli iqtisadiyyatının və sosial siyasətinin əsas istiqamətlərindən sayılır. 2006-2009-cu illəri əhatə edən əvvəlki Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla həyata keçirilməsi nəticəsində Beynəlxalq Əmək Təşkilatının 156 və 183 saylı konvensiyaları ratifikasiya olundu. Gənclərin məşğulluğu üzrə Milli Tədbirlər Planı hazırlandı. 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlıq (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiya yaradıldı.

Ə.Mədətov qeyd etdi ki, Ümumhəmkarlar İttifaqları Konfederasiyası bu il layiqli əmək gününü işçiləri ən çox maraqlandıran məsələ ilə əlaqələndirmişdir. Bu, bu gün seminarımıza mövzu seçdiyimiz "Əməkhaqqı-layiqli səviyyə" şüarıdır.

Əliş İbrahimov çıxışında diqqətə çatdırdı ki, layiqli əmək həmkarlar ittifaqının əsas hədəflərindəndir. Bu məsələ AHİK-in proqram sənədlərində də öz əksini tapıb. Həmkarlar ittifaqı nə istəyir? Qoyduğu tələb odur ki, əməyin mühafizəsi, təhlükəsizlik texnikasına ayrılan vəsaitlər təyinatı üzrə xərclənsin. İlk təşkilatlar bu məsələlərə nəzarəti daha da gücləndirsin.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsində bildirilir ki, "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Bundan əlavə, əmək fərdi və  ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır".

Məmmədnuru Əzizov da öz təşkilatlarının timsalında layiqli əməyin təşkili istiqamətində atılan uğurlu addımlardan və üzləşdikləri problemlərdən danışdı.

Seminar diskussiya ilə başa çatdı.

B.RZAYEV