Əmək kitabçamı itirmişəm


Baxıldı : 46

Tarix : 2020-11-14 08:31:52


Əmək kitabçamı itirmişəm. Yeni əmək kitabçası yazdırmalıyam. Amma köhnə iş yerləri haqqında məlumat tapa bilmirəm. Nə etməliyəm?

Sevda ZAMANOVA, 
Şəki şəhəri.
- Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Nazirlər Kabineti tərəfindən təsdiq edilən “İşçilərin əmək kitabçasının forması və onun tərkibi” qaydalarında əmək kitabçalarının hazırlanması və verilməsi, doldurulması və sair kimi məsələlərlə yanaşı, “əmək kitabçasının dublikatı”nın verilməsi də əks olunmuşdur. Qaydalara əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikaiı verilməlidir.
Əmək kitabçanızı itirdiyiniz üsün axırıncı iş yeriniz üzrə işəgötürənə müraciət etməlisinitz. Sizin müraciətə işəgötürən 15 gün ərzində baxmalı və cavab verməlidir. Qaydaların 7.1. bəndinə əsasən, əmək kitabçası itditkdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.
İtirilmiş əmək kitabçanızın əvəzinə sonuncu iş yerindən alacağınız əmək kitabçasının dublikatı adi qaydada doldurulur. Əmək kitabçasının dublikatı verildikdə həmin vaxta qədər olan əmək (sosial sığorta) stajınız əvvəl işlədiyiniz təşkilatların əmrinə (sərəncamına) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur.
Bəzi hallarda əvvəlki iş yerləri haqqında məlumat tam şəkildə olmur. Bu zaman keçmiş iş yerləri haqqında məlumat əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumatlar üzrə yazılır.

İşlədiyim təşkilatda 6 aydan sonra məzuniyyət verilir. Amma bu yaxınlarda bir işçi 2 ay işlədikdən sonra məzuniyyətə çıxdı. Bunun səbəbini bilmək istəyirəm.
Səbahət QULİYEVA,
Zaqatala rayonu.
- Əmək məzuniyyətinin verilməsi qaydası Əmək Məcəlləsinin 131-ci maddəsində qeyd edilmişdir. Maddəyə görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:
a) qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;
b) on səkkiz yaşına çatmamış işçilərin;
c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin; 
d) hərbi qulluqçu arvadının (ərinin);
e) təhsil müəssisələrində oxuyan şəxslərin - kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
ə) əlillərin.
Qeyd edilənlərə əsasən bildiririk ki, həmin işçi yuxarıda qeyd olunan işçi kateqoriyasına aiddir.


Pensiyada olan və işləməyən müəllimlər sanatoriya-kurort müalicəsi üçün yollayışı haradan ala bilərlər?

Mirzə PAŞAYEV,
Bakı şəhəri.
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən 29 fevral 2000-ci ildə təsdiq edilmiş “Məcburi Dövlət Sosial Sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və istifadə qaydaları haqqında” qərarın 2.4. bəndinə əsasən, məcburi dövlət sosial sığortası üzrə pensiya alan pensiyaçılara həmkarlar ittifaqları təşkilatlarının məcburi dövlət sosial sığorta vəsaitləri hesabına alınan sanatoriya-kurort yollayışlarının dəyəri tam və ya qismən ödənilməklə vermək hüququ vardır. 
Yuxarıda qeyd olunanlara uyğun olaraq bildiririk ki, Siz pensiyaçı müəllim kimi yollayış almaq üçün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının müvafiq rayon komitəsinə ərizə və həkim arayışı ilə müraciət etməklə qeydiyyata dura bilərsiniz. Növbəlilik və həkim arayışı əsasında TİAHİ-nin Nizamnamısində qeyd olunan qaydada müvafiq yollayışla təmin oluna bilərsiniz.

Çalışdığım idarədə əməkhaqqının verilməsi günü istirahət gününə düşəndə əvvəlcədən verilir. Bu, qanunvericilikdə nəzərdə tutulubmu?

Pərvin QASIMOV,
Bakı şəhəri.

- Əməkhaqqının verilməsi müddətləri Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. 172-ci maddəyə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o, bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Çalışdığınız müəssisənin işəgötürəni əməkhaqqının verilməsi gününü qanunvericiliyin bu tələbinə əsasən müəyyən edir.