Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir


Baxıldı : 114

Tarix : 2017-06-02 22:31:44


Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qanunla qadağandır və uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində ölkəmizdə fəal siyasət aparılır.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Nəsimi rayonundakı 211 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün "Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə" mövzusunda təşkil olunan maarifləndirmə tədbirində vurğulanıb.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 4 saylı region (Nəsimi və Səbail rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Nəsimi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, qeyd olunan orta məktəbin rəhbər şəxsləri, müəllimləri, yuxarı sinif şagirdləri iştirak edib.

Qeyd olunub ki, milli qanunvericilikdə uşaq əməyinə münasibət mütərəqqi beynəlxalq sənədlərin normalarına əsaslanır.

İşçilərin yaşı 18-dən az olduğu hallarda əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və sairə ilə bağlı onlara əlavə təminatlar, güzəştlər də verilir. Belə işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəalar barədə iştirakçılara geniş məlumatlar verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər də diqqətə çatdırılıb.

Tədbir müvafiq mövzuda sualların cavablandırılması ilə davam edib.