Əmək münasibətlərinin səviyyəsi sosial təminatın əsasıdır


Baxıldı : 86

Tarix : 2018-08-31 18:46:32


       Dövlət Neft Şirkəti ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Bahar” və “Qum dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandıqdan sonra “Qum adası” Neftqazçıxarma İdarəsi ləğv olundu. Bunun nəticəsində həmkarlar ittifaqı təşkilatı da öz fəaliyyətini dayandırmalı oldu. Yeni təşkilatın yaradılması zərurəti yarandı. Bir çox çətinliklərə baxmayaraq, ərizələr toplandı və təsis konfransı keçirildi, “Bahar Enerji Əməliyyat Şirkəti”nin Həmkarlar İttifaqı Komitəsi yarandı. Bütün işçilərlə müddətli müqavilələr bağlandığından çox sayda işçinin sərbəstləşməsi gözlənilirdi. İşəgötürənlə danışıqlar aparmaq, kütləvi işdənçıxmanın qarşısını almaq üçün kollektiv müqavilənin bağlanması vacib idi və buna nail olduq.

HİK sədri Məmməd Məmmədov qeyd etdi ki, əlbəttə, bütün bu işlərdə Respublika Komitəsinin təşkilata dayağı çox böyük idi. Keçən müddət ərzində şirkət rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq təqaüdə çıxıb işdən azad olan işçilərin hər birinə orta əməkhaqqının 8 misli miqdarında müavinət verildi, 63 nəfər işçinin övladları işlə təmin olundu, 70-dən çox işçi iş yerlərinin ixtisarına, müqavilə müddətini qurtarmasına baxmayaraq, işdə qaldılar. Bugünkü gündə 900-dən çox üzvümüz var.

Tam əminliklə demək olar ki, Şirkət rəhbərliyində aparılmış dəyişikliklər həm istehsalat sahəsində əməyin mühafizəsi, işçilərin sağlamlığı, sosial sahə qənaətedici səviyyədədir.

3 il müddətinə bağlanmış kollektiv müqavilədə sosial təminatlar daha geniş yer almışdır və həmin müddəalar vaxtında yerinə yetirilir.

İşçilərin ümumi sanitar-gigiyenik vəziyyətini və işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün bütün sex və sahələrdə əlüzyuyan yerləri, duşxanalar, soyunub-geyinmə otaqları təşkil və təmir olunmuşdur. İşçilər arasında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə istehsalat sahələrində içməli su çənləri vaxtaşırı təmizlənir və dezinfeksiya olunur. Adada bütün lazimi tibb avadanlığı və dərman preparatları ilə təchiz olunmuş tibb məntəqəsi, 24 saat ərzində təcili tibbi yardım maşını xidmət göstərir. Peşə xəstəliklərinin, zədələnmələrin və bədbəxt hadisələrdən sığortalanmaq üçün kompleks təşkilati, mühəndis-texniki və sanitar-gigiyena tədbirləri həyata keçirilir.

Şirkətdə əmək münasibətlərinin təşkili sahəsində heç bir problem yoxdur və işə qəbul olan hər bir işçi ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanılır.

İşçilərin yay istirahəti bu il Respublika Komitəsinin köməyi ilə daha səmərəli təşkil edilmişdir. Yollayışlar barədə RK-ya edilən bütün müraciətlər həllini dərhal tapmışdır. Şirkət rəhbərliyinin yaxından köməyi ilə biz 3 istirahət mərkəzi ilə müqavilələr bağlayaraq, işçilərin 2 günlük gəzintisini təşkil etməklə, kollektivin 70 faizindən çoxunun istirahətini təmin etmişik.

Materialları hazırladı: Əhəd İBADOV