Əmək pensiyalarının orta aylıq məbləği artıb  


Baxıldı : 165

Tarix : 2017-04-08 05:46:31


Carı il aprelin 1-nə olan statistikaya əsasən, ölkə üzrə əmək pensiyaçılarının sayı 1 319 000 nəfər təşkil edir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev bildirib.

"Əmək pensiyaçılarının 59,3 faizi yaşa görə, 11,4 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə pensiya alanlardır. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq edilib. Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq 01 aprel tarixinə 202,38 manata çatıb. Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9 faiz təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir", - deyə şöbə müdiri söyləyib.