"Əmək pensiyası haqqında" qanuna dəyişikliklər layihəsi MM-in müzakirəsinə çıxarılır


Baxıldı : 253

Tarix : 2017-01-27 22:13:48


Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin (MM) yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu haqda yanvarın 26-da parlamentin Əmək və Sosial Siyasət Komitəsinin ilk iclasında komitənin sədri Hadi Rəcəbli məlumat verib. Onun sözlərinə görə, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

 Komitə sədri qanun layihəsinin Prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.

 

 

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına

böyüdən valideynlər az işləyəcək

 

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı tətbiq edilib.

Bu, Prezident İlham Əliyevin "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləməsi ilə mümkün olub.

Qeyd edək ki, bundan əvvəl dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilmişdi. Ancaq bundan sonra qanunda nəzərdə tutulan güzəşt 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil ediləcək.