Əmək qanunvericiliyində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi düzgündürmü? Eyni təşkilatda eyni vəzifədə mən və iki azyaşlı uşağı olan qadın işləyir


Baxıldı : 38

Tarix : 2019-09-20 18:51:27


Əmək qanunvericiliyində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi düzgündürmü? Eyni təşkilatda eyni vəzifədə mən və iki azyaşlı uşağı olan qadın işləyir. Bəzi işlərin yerinə yetirilməsi zamanı həmin qadının əməyindən istifadə edilmir. Bunun səbəbini bilmək istəyirəm.

Şamil HÜSEYNOV,  Daşkəsən rayonu.

 

- Əmək münasibətləri sahəsində əməyin nəticələri ilə bağlı olmayan hər hansı amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində işçilərə bilavasitə və ya dolayısı ilə imtiyazların, güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır.

Lakin hamilə və 3 yaşınadək uşağının olması səbəbindən əmək qanunvericiliyində qadınlara bəzi imtiyaz və güzəştlər müəyyən edilmişdir. ƏM-ə əsasən, qadınlara əmək münasibətlərində əlavə təminatların, imtiyazların və güzəştlərin müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir (ƏM, maddə 16.1).

Əmək münasibətləri prosesində işçilər arasında cinsi ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır (ƏM, 16.3).

Sualınızda qeyd edilən halda əgər Sizinlə işləyən qadına münasibətdə işəgötürən əmək qanunvericiliyində və kollektiv müqavilədə nəzərdə tutulan güzəşt və imtiyazlardan (bunlar ƏM-in ayrı-ayrı maddələrində əks olunub) əlavə təminatlar verirsə, onda bu, ayrı-seçkilik hesab edilir.

Qanunvericiliyə əsasən, ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər (ƏM, maddə 16.3).

 

Respublikamızda daimi yaşayan əcnəbilər sosial müavinət ala bilərlərmi?

 

Sevda VƏLİYEVA, Bakı şəhəri.

- Sosial müavinət almaq hüququ olan şəxslər “Sosial müavinətlər haqqında” qanunun 3-cü maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla, qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.