Əmək şəraitinin yaxşılaşdırılması tələbi


Baxıldı : 122

Tarix : 2018-02-24 01:06:21


Peruda  “Alfred H Knight” mineral analiz şirkətinin müştərək müqavilənin şərtlərinə əməl etməməsi işçilərin etirazına səbəb olub. İndustriALL Qlobal İttifaqına bağlı FETRİMAP-CGTP Həmkarlar İttifaqı şirkətlə danışıqlar masasına otursa da, bir nəticə əldə edilməyib. İttifaq “Alfred H Knight”ın Lima, Arequipa, Kallaodakı müəssisələrində aparılan yoxlamalar zamanı yetərsiz əmək şəraitini əsas göstərərək etiraz aksiyası təşkil edib. Ölkənin Əmək Nazirliyi  fevralın 19-da hər iki qurum arasında danışıqların bərpası üçün toplantı təyin etsə də, şirkət rəhbərliyi razılığa yanaşmayıb.

CGTP Həmkarlar İttifaqı “Alfred H Knight”da əmək şəraitinin yaxşılaşdırılması və bir sıra başqa müəssisələrdə işçi ixtisarının dayandırılması tələbi ilə martın 1-də böyük aksiya keçirəcəyini açıqlayıb. Onlar işəgötürən təşkilatların həmkarlar ittifaqı ilə münasibətlərini normallaşdırmağı və ratifikasiya olunmuş konvensiyalara uyğun fəaliyyət göstərməyi tələb edirlər.

İndustriALL-ın baş katibi Valter Sançez mərkəzi İngiltərədə yerləşən “Alfred H Knight” şirkətində əsas işçi hüquqlarının təminatı üçün yerli həmkarlar təşkilatını birlikdə mübarizəyə səsləyib. O qeyd edib ki, şirkət  müştərək müqavilə bağlamalı və iş qəzalarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin yetərliliyini diqqətdə saxlamalıdır.