Əmək şəraitinin yaxşılaşdırılması yönündə addımlar atılır


Baxıldı : 99

Tarix : 2018-05-12 03:45:29


“Unite” Həmkarlar İttifaqı İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən  nəqliyyat işçilərinin əmək şəraitinin yaxşılaşdırılması və maaşlarının artırılması yönündə şəhərin bələdiyyə sədri Sadiq Xanla görüşmələr aparır. Ötən ildən başlayan danışıqlara əsasən, London Avtobus Sürücüləri üçün Ödəmə Proqramı çərçivəsində 1 Aprel 2017-ci ildə təyin olunan 23 min funt sterlinqlik Pərakəndə Qiymət İndeksi bir il ərzində artırılaraq 23 min 912 funt sterlinq təyin olunmuşdur. Bu rəqəm təcrübəli bir sürücünün illik maaşına bərabərdir və hər il bu rəqəmin müəyyən miqdarda artırılması planlaşdırılır.

“Unite”nin bölgə üzrə nümayəndəsi Con Mörfi maaşların artırılması ilə bağlı ittifaqın tələbinin dövlət tərəfindən qəbulunun önəmini vurğulayıb. O qeyd edib ki, artıq avtobus şirkətlərinin razılaşmanı həyata keçirməsi  ilə bağlı yerlərdə yoxlamalar başlanıb: “Londonda fəaliyyət göstərən avtobus sürücüləri üçün bu ilin yanvarında qəbul edilən digər qərar isə onların şəhər daxilində bir şirkətdən digərinə keçidi zamanı eyni maaşı alması prinsipi idi. Əvvəllər isə iş təcrübəsindən asılı olmayaraq sürücülər yerdəyişmə zamanı daha az maaşla işləməyə  məcbur olurdular. Şəhər bələdiyyəsi tərəfindən avtobusların marşrut xətti üzərində istirahət, yemək və digər ehtiyaclarını qarşılamaq üçün  bu ilin fevral ayında 6 milyon funt-sterlinq ayrılıb. Bundan başqa,  sürücülərin yaşadıqları stress nəzərə alınaraq, fasilələrin artırılması, təyin olunandan artıq iş saatının tətbiq olunmaması əmək şəraitinin yaxşılaşdırılması yönündə atılmış mühüm addımdır. Bütün bunlara ittifaqın başlatdığı kampaniyalarla nail olunub. Son dövrdə ittifaq üzvləri üçün həyata keçirilən üstünlüklər üzv olmayan sürücülərində bizə ittifaqa qarşı müsbət meyillərin yaranmasına vasitəçilik edir.

Cavid SƏFƏROV