“Əmək sferasının gələcəyi”


Baxıldı : 157

Tarix : 2018-06-02 02:03:33


İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatı tərəfindən  mayın 7-dən 18-dək onlayn distansion, mayın 21- dən 26-dək “Əməyin gələcək sferası” mövzusunda təlim kursu keçirilmişdir. Təlim kursunda, Azərbaycan da daxil olmaqla, 15 ölkədən 25 nümayəndə heyəti iştirak etmişdir.

 Avropa və Mərkəzi Asiya ölkələri  üçün “Əmək sferasının gələcəyi” mövzusunda təşkil edilmiş təlim kursunun əsas məqsədi ötən il Bakıda keçirilən konfransda, eləcə də BƏT AKTRAV-ın simpoziumunda müzakirə olunan regional problemlər və prioritetlər çərçivəsində bu məsələni yenidən müzakirə etmək və  nəzərdə saxlamaqdır. Bundan əlavə, bu  təlim kursuna davamlı inkişaf məqsədləri: həmkarlar ittifaqlarının bu yöndə  siyasəti, Avropa və Mərkəzi Asiyada milli və regional fəaliyyət planları haqqında məsələlər  daxil edilmişdir. 

Kurs müddətində  əmək münasibətlərinin tənzimlənməsində “derequlyasiya” və “rahatlıq”, məşğulluğun qeyri-standart formalarının yayılması məsələləri müzakirə edilmiş,  qeyri-formal iqtisadiyyatda fəaliyyət göstərən işçilərin hüquqlarının təmin edilməsinə innovativ yanaşmalar diqqət mərkəzində saxlanılmışdır.

 BƏT həmkarlar ittifaqları təşkilatlarına bu yöndə baş verən dəyişikliklərə səmərəli və konstruktiv şəkildə maraq göstərməyi tövsiyə edir  ki, onlar gələcəkdə bu proseslərə təsir göstərməyi bacarsınlar. Eləcə də bərabərlik, inteqrasiya, layiqli əmək  və sosial ədalət naminə öz mandatlarını uğurla həyata keçirə bilsinlər.

Xüsusilə həmkarlar ittifaqları iş dünyasına dair əsrin təşəbbüsünə  öz töhfələrini verməkdən ötrü geniş proqram həyata keçirməlidirlər. Öz təşkilat üzvlərinin və işçilərin maraqlarının müdafiəsində konkret nəticələr əldə etmək üçün səy göstərməlidirlər. 

Təlim kursunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Ceyla Şamçiyeva və bu sətirlərin müəllifi iştirak etmişlər. Kursun sonunda iştirakçılara sertifikat  təqdim edilmişdir.

Röya QARAYEVA,

AHİK-in Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi