Əmək sferasının gələcəyinə gənclərin baxışı


Baxıldı : 46

Tarix : 2017-11-24 23:40:53


Noyabrın 14-17-də Rusiya Federasiyasının Həştərxan şəhərində "Əmək sferasının gələcəyi: gənclərin baxışı" mövzusunda keçirilmiş beynəlxalq seminarda əsasən iş dünyasının çağırışları və məsul strategiyalara baxış, gənclərin məşğulluğu, əmək münasibətləri sahəsində ayrı-seçkilik, işsizlik probleminin həllində regional məşğulluq xidmətinin təcrübəsi və sair məsələlər müzakirə edilib. Bu mövzularda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Həştərxan məşğulluq strukturlarının, həmkarlar ittifaqı təşkilatının məsul işçilərinin məruzələri dinlənilib. Məruzələr ətrafında diskussiyalar aparılıb.

Seminar işini qruplarda davam etdirib. Qruplarda gənclərin mədəni kodunun eyniləşdirilməsi, peşə təhsilinin, cəmiyyətə xidmət dəyərlərinin müasirləşdirilməsi, həmkarlar ittifaqı strukturlarının təkmilləşdirilməsi, gənc həmkarlar ittifaqı fəallarının liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

Diskussiyalarda, qrupların işində Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Namiq Hüseynov, Fuad Məmmədov, Tural Süleymanov, Zaur Həmidov və Şaiq Əhmədov fəal iştirak ediblər.

N.Hüseynov müxbirimizə dedi ki, bu beynəlxalq seminar 2014-cü ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə təsis olunmuş Rusiya, Azərbaycan, Qazaxıstan nümayəndələrinin "Gənc həmkarlar ittifaqı fəallarının Xəzəryanı şəbəkəsinin" üçüncü yığıncağı çərçivəsində baş tutub.