Əmək və məişət şəraiti daha da yaxşılaşmalıdır


Baxıldı : 44

Tarix : 2017-08-25 23:30:12


Avqustun 22-də "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir.

Zavodun həmkarlar ittifaqı komitəsinin sədr müavini Nizami Çələbizadə 2012-2017-ci illəri əhatə edən hesabat məruzəsi ilə çıxış etmişdir. Hesabat məruzəsində ötən dövr ərzində komitənin fəaliyyəti, işçilərin əmək və məişət şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilmişdir.

Hesabat məruzəsi ətrafında zavodun sanitar-sənaye laboratoriyasının rəisi Atlas İmanova, 35 saylı sahənin xidmət sahə rəisi Bəxtiyar Abbasov çıxış edərək işçilərə olunan yardım və dəstəkdən, asudə vaxtlarının, yay istirahətlərinin səmərəli təşkilindən, yaradılan sağlam iş və məişət şəraitindən danışmış, həmçinin kimyaçıların qayğılarından və mövcud problemlərdən söhbət açmışlar.

Zavodun direktoru Oqtay Niftəliyev çıxış edərək müəssisədə aparılan əsaslı təmir və modernizasiya işləri, perspektiv layihələr haqqında məlumat vermiş, yeni seçiləcək komitəyə daha fəal və daha yaradıcı iş arzulamışdır.

“Azərikimya" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov çıxışında yeni komitənin qarşısında duran vəzifələri diqqətə çatdırmışdır.

Həsən Məmmədov həmkarlar ittifaqı komitəsinin ictimai əsaslarla yeni sədri seçilmişdir.