Əmək veteranlarına hansı güzəştlər edilir? Əmək veteranları sanatoriyalara yollayışı necə əldə edə bilərlər?


Baxıldı : 36

Tarix : 2018-06-09 01:39:28


Əmək veteranlarına hansı güzəştlər edilir? Əmək veteranları sanatoriyalara yollayışı necə əldə edə bilərlər?

 

Zakir QULİYEV,

Ağcabədi rayonu.

 

- Əmək veteranları, onların statusu, veteranlara vəsiqələrin və güzəştlərin verilməsi kimi hallar “Veteranlar haqqında” qanunla tənzimlənir.

Qanuna əsasən, veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.

Qanunla müəyyən edilmiş güzəştlərdən əlavə veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə görə həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti ilə mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştdən istifadə edə bilərlər.

Əmək veteranları mənzil tikinti kooperativlərinə və bağçılıq orqanlarına (birliklərinə) daxil olmaq sahəsində üsiünlüklərə malikdirlər.

Yerli icra hakimiyyətləri daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər.

Həmin orqanla bərabər həm də müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyaclarını ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər. ƏƏSMN və yerli icra hakimiyyəti orqanları (dövlət qurumları və dövlət təşkilatları) veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.

Veteranlara “Sosial xidmət haqqında” qanunauyğun olaraq sosial xidmət göstərilir.

Veteranların sosial müdafiəsi tədbirlərini Nazirlər Kabineti planlaşdırır və bu proqramlar respublika dövlət büdcəsinin, Sosial Müdafiə Fondunun vəsaiti hesabına müəyyənləşdirilir.

Xəstə olan əmək veteranlarının stasionar müəssisələrə qəbulu Səhiyyə Nazirliyinin 27 fevral 2008-ci il tarixli 8 saylı əmri ilə tənzimlənir. Həmin əmrə əsasən, bu şəxslər Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən Teymur Quliyev adına Müharibə və Əmək Veteranları üçün Pansionatda müalicə ala bilərlər. Bunun üçün qeydiyyatda olduqları rayon poliklinikasının göndərişini təqdim etməlidirlər.

 

Şərikli sığorta nə deməkdir?

 

Taleh HƏSƏNLİ,

Şirvan şəhəri.

 

- Bəzən bir sığorta obyekti bir yox, bir neçə sığorta təşkilatı tərəfindən sığortalanır. Bu hal qanunda şərikli sığorta adlanır. “Sığorta haqqında” qanunda sizin qeyd etdiyiniz məsələ ilə əlaqədar ayrıca bir maddə verilmişdir. Qanunun 15-ci maddəsində “Şərikli sığorta” aşağıdakı kimi xarakterizə olunur:

1. Sığorta obyekti bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.

2. Yüksək risklərin birgə sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş əsasında sığorta daxılı yarada bilirlər.

3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.

 

Razılaşdırıcı komissiya nə vaxt yaradılır?Tərəflər arasında razılıq əldə edilərsə bu razılığın icrası məcburidirmi?

 

Aydın FƏRƏCOV,

Şəki şəhəri.

 

- Razılaşdırıcı komissiya kollektiv əmək mübahisəsinin başladığı vaxtdan etibarən 3 iş günü müddətində yaradılır və işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) və işçilərin nümayəndələrinin qərarı ilə rəsmiləşdirilir.

Razılaşdırıcı komissiya bərabərhüquqlu əsasda tərəflərin sayca bərabər nümayəndələrindən təşkil edilir. Kollektiv əmək mübahisəsinə razılaşdırıcı komissiya tərəfindən onun yaradıldığı gündən 5 iş günü müddətində baxılmalıdır.

Razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə, bu barədə protokol tərtib edilir. Əldə edilmiş razılıq tərəflər üçün məcburidir və protokolda nəzərdə tutulmuş müddətdə icra olunmalıdır. Razılıq əldə edilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir.

 

Patentlə bağlı hüquqlar vərəsəlik üzrə keçə bilərmi?

 

Səbuhi MƏMMƏDLİ,

Bakı şəhəri.

 

- İxtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı patenti alanadək obyektdən istifadə hüququnu müqavilə əsasında istənilən hüquqi və ya fiziki şəxsə verə bilər. İxtira, faydalı model və sənaye nümunəsinin bir neçə iddiaçısı olduqda iddia sənədi üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verə bilər. İstifadə hüququnun verilməsi barədə müqavilə iddiaçı vəsatət qaldırdıqdan və müəyyənləşdirilmiş rüsumu ödədikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

İxtira, faydalı model və sənaye nümunəsinin müvəqqəti hüquqi mühafizəsi dövründə ondan istifadə etmiş hüquqi və ya fiziki şəxs, iddiaçı tərəfindən patent alındıqdan sonra, ondan istifadəni davam etdirmək üçün “Patent haqqında” qanuna uyğun olaraq patent sahibi ilə lisenziya müqaviləsi bağlaya bilər.

Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir.