Əməkdaşlar üçün 63 hektar ərazidə 343 sahə ayrılıb


Baxıldı : 38

Tarix : 2019-02-11 04:52:13


 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) birgə iclası keçirilib.

İclası giriş sözü ilə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açıb. Gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra o, Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, kimya üzrə fəlsəfə doktoru Bahadur Ağayevə 70 illik yubileyi münasibətilə AHİ-nin Fəxri Fərmanını təqdim edib.

Tədbirdə İşlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkili məqsədilə qəbul olunduğunu, bununla əlaqədar AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsinin ayrıldığını bildirib.

S.Əliyev qeyd edib ki, sənədə əsasən xüsusi komissiya yaradılıb, ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb. Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə, hər biri 10 sot olmaqla, 343 sahə ayrılıb.

İdarə rəsmisi deyib ki, torpaq sahəsinin iki il müddətinə verilməsi nəzərdə tutulub. Səmərəli istifadə ediləcəyi təqdirdə müqavilənin müddəti uzadılacaq. O, yaxın günlərdə ərazidə yolların çəkilməsi prosesinə başlanılacağını, sahələrdə ekoloji tələblərə riayət olunacağını deyib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.