Əməkdaşlar üçün mənzillər tikiləcək


Baxıldı : 45

Tarix : 2017-11-04 04:37:12


Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Həmkarlar İttifaqının oktyabrın 31-də keçirilmiş Məclisində qarşıdan gələn VII qurultaya hazırlıqla bağlı görüləcək işlər müzakirə edildi və təşkilati məsələlərə baxıldı.

Giriş sözü ilə çıxış edən ittifaqın sədri Habil Qurbanov bildirdi ki, təşkilatımız öz ali məclisinə hazırlıq prosesini başa çatdırıb. Qurultaya hesabatlar, digər sənədlər bir daha nəzərdən keçirilib və təsdiqlənib. Zövqlə düzəldilmiş fotostendlər hesabat dövründə ittifaqın keçdiyi yolu dolğun əks etdirir.

Habil müəllim ilk təşkilatlarda baş tutmuş hesabat-seçki kampaniyasının gedişini və nəticələrini müsbət dəyərləndirdi. Dedi ki, hesabat-seçkilər demokratik şəraitdə keçib. Bütövlükdə komitələrin işi barədə xoş sözlər söylənib. Seçkilər nümayəndələrin rəyi əsasında aparılıb. Cəmi bir neçə təşkilatda sədr dəyişilib. Bu da onların yaşının müəyyən edilmiş həddə çatdığı və ya sağlamlıqlarının imkan verməməsi ilə əlaqədar olub. N.Qurbanov yeni sədrləri Məclis üzvlərinə təqdim etdi.

O, ittifaqın nizamnaməsinə edilmiş dəyişiklikləri oxudu, əminliyini bildirdi ki, qurultayda bu dəyişikliklər təsdiqini tapacaq.

Sədr onu da vurğuladı ki, ittifaq üzvlərinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə mənzil tikintisinə başlamaq istiqamətində işlərə start verilib. Artıq Abşeron rayonunun Saray qəsəbəsində Akademiyanın balansında olan torpaq sahəsində layihələşdirmə işləri görülür. Orada Akademiyanın əməkdaşları üçün mənzil tikiləcək. Mənzillər əməkdaşlara sərfəli kredit şərtləri ilə təklif olunacaq.

Məclisdə AMEA-nın Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Sitarə Bağırova, İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Səyyar Abdullayev və başqaları çıxış etdilər, gündəlikdə duran məsələlərə münasibət bildirdilər və təkliflər irəli sürdülər.

 

B.RZAYEV