Əməkdaşların rifah halının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır


Baxıldı : 40

Tarix : 2019-01-07 05:19:05


Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı (AHİ) Məclisinin növbəti iclasında üzvlərin sosial problemlərinin həlli sahəsində görülən işlər, mövcud çətinliklərlə yanaşı, hüquqi maarifləndirməyə də vaxt ayrıldı. İclası AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq sonuncu qurultayın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlardan danışdı. Dedi ki, akademiyanın əməkdaşlarının rifah halının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Ehtiyacı olanlara sanatoriyalara güzəştli yollayışlar verilir. Akademiya şəhərciyində mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilir.

Sədr bəzi üzv ilk təşkilatların ünvanına tənqidi fikirlərini söylədi. Onları ittifaq üzvlərinin maraqlarını daha cəsarətlə və vaxtında qorumağa çağırdı.

 Akademiyanın İşlər idarəsi müdirinin müavini Sərdar Əliyev “AMEA-nın əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması qaydaları” haqqında məlumat verdi.

Bildirdi ki, bu sənəd akademiyanın əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Sərdar müəllim “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından əməkdaşlara paylanmaq üçün 1700 hektar torpaq sahəsinin ayrıldığını da diqqətə çatdırdı. Dedi ki, müvafiq tələblərə uyğun sənədlər təqdim edən əməkdaşların  hər birinə 2 il müddətinə 10 sot torpaq sahəsi ayrılacaq.

AHİK-in əməyin hüquq müfəttişi Sevil Zeynalova “İşçilərin hüquqlarının müdafiəsi və onların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması” mövzusunda mühazirə oxudu. Mühazirədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “v”, “ç” bəndlərinin tətbiqində həmkarlar ittifaqlarının mövqeyi və 77-ci maddədə olunan dəyişikliklər şərh olundu. Bu məsələlərlə bağlı tədbir iştirakçılarının sualları cavablandırıldı.

İclasda digər mövzularda çıxışlar da dinlənildi. “AMEA Yüksək Texnologiyalar Parkı” MMC, Ədəbiyyat və Şərqşünaslıq institutlarının yeni seçilən HİK sədrləri təsdiq edildi.