Əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi qərara alındı


Baxıldı : 118

Tarix : 2019-06-07 07:53:17


Aprelin 30-da Konstitusiya Məhkəməsi Həmkarlar İttifaqı komitəsinin növbəti hesabat-seçki iclası keçirilmişdir. İclası açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra həmkarlar ittifaqı təşkilatlarının inkişafında yeni mərhələyə qədəm qoyulduğunu, ulu öndər Heydər Əliyevin vətəndaşların qanuni mənafeyini, əmək hüquqlarını qoruyan, sosial problemlərin həllində mühüm rol oynayan bu təşkilatlara diqqət və qayğı ilə yanaşdığını vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasətin davam etdirildiyi, ölkə əhalisinin rifahının yaxşılaşdırıldığı, məşğulluq probleminin həllində bir sıra addımlar atıldığı, eyni zamanda aztəminatlı ailələrin sosial müdafiə mexanizminin gücləndirildiyi, sosial infrastrukturun yaradılması istiqamətində bir sıra genişmiqyaslı tədbirlərin həyata keçirildiyi nəzərə çatdırılmışdır.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxış edərək, iclas iştirakçılarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırmışdır. O, Respublika Komitəsinin Konstitusiya Məhkəməsi Həmkarlar İttifaqı Komitəsi ilə birgə fəaliyyəti barədə məlumat vermiş, ötən dövr ərzində əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərə nəzər yetirmiş və gələcəkdə bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Konstitusiya Məhkəməsinin sədri iclasda Məhkəmə ilə AHİK-in səmərəli fəaliyyətini qeyd edərək, görülən tədbirləri yüksək qiymətləndirmişdir. Sonra Konstitusiya Məhkəməsi HİK-in tərkibinin dəyişilməsi, tərkibə yeni üzvlərin və sədrin seçilməsi ilə bağlı irəli sürülən məsələyə baxmağı təklif etmişdir.

Təkliflər səsə qoyularaq yekdilliklə qəbul edildi.

Sədr Fərhad Abdullayev iclasa yekun vuraraq HİK-in yeni tərkibinə gələcək fəaliyyətində uğurlar arzuladı.